Makron Paşinyan və Əliyev ilə görüşüb

Brüsseldə görüş

Dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makron Brüsseldə azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşün Şərq Tərəfdaşlığı sammitindən sonra, Makronun təşəbbüsü ilə keçirildiyi xəbər verilir. Əlavə detallar açıqlanmır.

Dekabrın 14-də isə Makron rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Kremlin məlumatına görə, Putin həmkarına Əliyevlə Paşinyanın 26 noyabr Soçi görüşünün nəticələri haqda məlumat verib. Soçi görüşündə üç ölkənin liderləri ilin sonunadək Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi mexanizmlərinin hazırlanması haqda razılıq əldə ediblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlə Paşinyan Brüsseldə konkret nələri razılaşdırıblar?

Dekabrın 14-də Brüsseldə Avropa ittifaqı Şurasının Prezident Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüş isə beş saata yaxın çəkib. Əliyevlə Paşinyanın tərəflər arasında dəmiryol xəttinin bərpası üzrə razılaşmanı təsdiqlədikləri bildirilir.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.