Makron və Tokayev urana dair saziş imzalayıblar

Emmanuel Makron Qazaxıstanda

Fransa prezidenti Emmanuel Makronun Astanaya səfəri əsnasında Qazaxıstan və Fransa arasında strateji minerallar sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti bildirir ki, danışıqlarda əsas diqqət ticarət, iqtisadiyyat və investisiyalar sahələrində qarşılıqlı əlaqələrin miqyasının genişləndirilməsinə yönəldilib.

İmzalanmış sənədlərdən biri də Qazaxıstanda Fransa İnkişaf Agentliyi qrupunun yaradılması və fəaliyyətinə aiddir.

Bundan başqa Qazaxıstanda beynəlxalq fransız məktəblərinin yaradılmasına və orta məktəblərdə fransız dilinin tədrisinə dair də razılaşma əldə olunub.

Danışıqlarda strateji minerallar sahəsində əməkdaşlıq müzakirələrinə geniş yer verilib. Strateji minerallar dedikdə ilk növbədə radioaktiv metallar, o cümlədən uran nəzərdə tutulur.

Bloomberq agentliyi Makronun Astanaya səfəri ərəfəsində yazmışdı ki, Qazaxıstan dünya uran bazarında mühüm rol oynayır.

Fransa özünün atom elektrik stansiyaları üçün böyük həcmlərdə uran idxal edir.

Nigerdə hərbi çevrilişdən sonra

Fransanın Orano şirkəti Qazaxıstanın dövlət “Kazatomprom” agentliyi ilə birgə müəssisə vasitəsilə hazırda uran yataqlarının işlənməsi ilə məşğuldur.

Ekspertlər bildirirlər ki, Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Fransa üçün Qazaxıstanın əhəmiyyəti artıb. Fransa bundan əvvəl uranı əsasən Nigerdən idxal edirdi.

Bloomberg bunu da yazırdı ki, Makronun Qazaxıstana və qonşu Özbəkistana səfərinin məqsədlərindən biri də Mərkəzi Asiya ölkələrini Rusiya ilə münasibətləri məhdudlaşdıraraq Avropa İttifaqına səmtləndirilməsinə sövq etmək ola bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun səfərini şərh edərkən deyib ki, Rusiyanın dünya uran bazarındakı yeri möhkəmdir və Moskva Astana ilə münasibətlərinə böyük dəyər verir.

Buna da bax: Bayden administrasiyası Konqresi həm Ukrayna, həm də İsrailə yardımı təsdiqləməyə çağırır

“Tarixi səfər”

Tokayev Makronla birgə keçiridiyi mətbuat konfransında onun səfərini “tarixi” adlandırıb və deyib ki, Qazaxıstan və Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsi “xüsusilə də indiki mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə çox mühümdür”.

Tərəflərin imzaladığı bəyannamədə “münaqişələrin dinc diplomatik yollarla” həllinə çağırış edilir, amma sənəddə Rusiyanın adı çəkilmir.

“Rusiyanın Ukraynaya müdaxiləsi səhv addım idimi” sualına cavab verən Tokayev deyib ki, o “peyğmbər deyil” və bu hadisənin əsl qiymətini gələcək verəcək.

AzadlıqRadiosunun Qazax xidməti – Azattık xəbər verir ki, noyabrın 1-də Astanada bir neçə müxalifət fəalı saxlanınb.

“Alqa, Qazaxıstan” müxalifət partiyası yaradılmasının təşəbbüs qrupu bundan əvvəl Makronla görüşmək və Qazaxıstanda insan haqları pozuntularını müzakirə etmək istədiyini bildirmişdi.