Marshall Fondunun Azərbaycan üzrə məsləhətçisi bank hesablarına həbs qoyulduğunu deyir

Mehriban Rəhimli

Amerika Birləşmiş Ştatları German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli şəxsi bank hesablarına həbs qoyulduğunu bildirib.

Onun sözlərinə görə, hesabı olan iki bankda bu tədbir həbsdə olan Kanal-13-ün rəhbəri Əziz Orucovun işi üzrə istintaqla bağlı məhkəmə qərarı əsasında görülüb. Lakin Rəhimli “Turan” müxbiri ilə söhbətində qeyd edib ki, onun bu işə heç bir aidiyyatı yoxdur.

"2018-ci ildən Marshall Fondunun media proqramları olmayıb. Lakin belə proqramlar olsaydı belə, bunun şəxsi hesablara nə aidiyyatı var?"- deyə Rəhimli qeyd edib.

Dünən, yanvarın 18-də o, hesabına həbs qoyulması haqqında rəsmi qərarın təqdim edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət etdiyini deyir. Onun vurğulamasına görə, buna baxmayaraq ona rədd cavabı verilib.

Onun əlavə etməsinə görə, bankdan yalnız hesablara Səbail Rayon Polis idarəsinin təqdimatı əsasında həbs qoyulduğu haqqında çıxarış verilib:

“Çıxarışda bu qərarın hansı əsaslarla qəbul edildiyi göstərilməyib.”

Rəhimli qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. O, Marshall Fondunun məsləhətçisi kimi fəaliyyətini Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməklə həyata keçirdiyini söyləyir.

Bu açıqlamaya, hələlik, Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

ABŞ German Marshall Fondu (GMF) 1972-ci ildə təsis edilib. Bu ABŞ və Avropa arasında əməkdaşlıq məsələləri ilə məşğul olan analitika mərkəzidir. Mənzil-qərargahı Vaşinqtonda yerləşir.

Xatırlatma

Əziz Orucov ötən il noyabrın 27-də saxlanıb, onun evində və "Kanal 13"ün ofisində axtarış aparılıb.

Daha sonra ona cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti...) maddəsi ilə ittiham verilərək haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan ona əlavə, qaçaqmalçılıq ittihamı irəli sürülüb. Ə.Orucov özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Ümumilikdə isə son aylar Azərbaycanda 10 yaxın jurnalist həbs edilib.Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib. Həmin jurnalistlər də ittihamları qəbul etmirlər.

Üstəlik, həmin jurnalistlərin də bir çox yaxınları vurğulayıblar ki, onların da bank və başqa kartlarına məhdudiyyət qoyulub.