İran hakimiyyəti Məhsa Əminiyə çatacaq Saxarov mükafatını müsadirə edib

Avropa Parlamentinin binasında Məhsa Əmininin Saxarov mükafatı laureatı kimi fotosu

İran hakimiyyəti Avropa Parlamentinin Məhsa Əminiyə verdiyi nüfuzlu Saxarov mükafatını müsadirə edib. 2022-ci ilin sentyabrında guya hicab düzgün bağlamadığına görə polisin saxladığı Əmini üç gün sonra vəfat edib. Onun ölümü ölkədə hökumətə qarşı geniş etirazlara səbəb olub, İran qadınlarının hüquqları uğrunda mübarizənin simvoluna çevrilib.

Mükafatın dekabrın 23-də Tehran aeroportunda təhlükəsizlik qüvvələri tərəfindən müsadirə olunması haqda Norveçdə yerləşən "Hengaw" insan haqları təşkilatı və Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi məlumat yayıb. Əmini ailəsinin vəkili Saleh Nikbaxt mükafatı ölkəyə gətirib ailəyə verməyi planlaşdırırdı.

Vəkil də cəzalıdır

İran hökuməti mükafatın müsadirə olunması xəbərlərini, hələlik, şərh etməyib.

1980-ci ildə insan haqları, təməl azadlıqlar uğrunda mübarizə aparan fərd və təşkilatları təltif etmək üçün təsis olunan mükafata 50 min avro da daxildir.

Avropa Parlamenti Əminin ailəsini də mərasimə dəvət etmişdi, ancaq Tehran onları dekabrın 13-də Fransanın Strasburq şəhərində keçirilən tədbirə buraxmayıb.

Nikbaxt isə Fransaya uça bilib. O, mərasimdə Əmininin anası Mojqan Eftexarinin mesajını oxuyub.

Nikbaxtın özü də oktyabrın 18-də "dövlət əleyhinə propaqanda" ittihamları ilə 1 illik həbsə və əlavə cəzaya məhkum edilib. Cəza vəkilin xarici media orqanlarına müsahibələri ilə əlaqələndirilir. Kürdüstan İnsan Haqları Şəbəkəsi bildirir ki, ona cəzasını çəkmək üçün təslim olmaq xəbərdarlığı edilib.

22 yaşlı Əmini polisdə vəfatından sonra başlanan etirazları təhlükəsizlik qüvvələri amansızlıqla yatırdıb.