Azərbaycan Kəlbəcər istiqamətində atəş açıldığını, Ermənistan da bir hərbçisinin həlak olduğunu bildirir

Azərbaycan, Müdafiə Nazirliyinin binası, arxiv foto

Ermənistan Müdafiə nazirliyi təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib

Azərbaycanın Müdafiə Naziriyi gün ərzində atəşkəs pozuntusu ilə bağlı ikinci dəfə xəbər yayıb.

Nazirlik bildirir ki, bu dəfə Ermənistan silahlı qüvvələri eyni istiqamətdən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan atəşə tutub.
***

Müdafiə Nazirliyi (MN) Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin intensiv atəşə tutulduğunu bildirir.

Nazirlitin iyunun 19-da yaydığı məlumatda deyilir: "İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər (Vardenis) rayonunun Zərkənd (Kut) və Yuxarı Şorca (Verin Şorca) yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub" Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda Azərbaycan ordusunun "adekvat cavab tədbirləri" gördüyü vurğulanır.

Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir

Ermənistan Müdafiə Nazirliyi atəşkəs pozuntusunu təsdiqləyib. AzadlıqRadiosunun erməni xidməti ölkənin Müdafiə Nazirliyinə istinadla Azərbaycan-Ermənistan sərhədində bir hərbçinin həlak olduğunu təsdiqləyib. Xəbərdə deyilir ki, nazirlik təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.