Moderna peyvənd patentinə görə Pfizer/BioNTech-i məhkəməyə verib

Moderna və Pfizer - BioNTech COVID-19 peyvəndləri üçün flakonlar, 25 fevral 2021

Amerikanın əczaçılıq şirkəti Moderna rəqibi Pfizer və onun alman tərəfdaşı BioNTech şirkətlərini məhkəməyə verib.

Moderna iddia edir ki, onun rəqibləri COVID-19-a qarşı peyvəndin hazırlanmasında patent pozuntusuna yol veriblər, onun texnologiyasını koronavirus pandemiyasından illər əvvəl kopyalayıblar.

Məlumatda pul təzminatı ilə bağlı iddianın ABŞ-ın Dairə Məhkəməsində qaldırıldığı və bundan başqa Almaniya məhkəməsinə də müraciət ediləcəyi vurğulanır.

Şirkətin baş direktoru bildirir ki, məhkəmə iddiaları Modernanın 2010-cu ildə inkişaf etdirməyə başladığı, milyardlarla dollar sərmayə qoyduğu və COVID-19 pandemiyasından çox əvvəl patentləşdirdiyi innovativ texnologiyanı qorumaq məqsədi daşıyır.

Buna da bax: Azərbaycanda vaksin hazırlanır, ona ad da düşünülüb

Moderna iddiasında ABŞ hökumətinə və aşağı və orta gəlirli ölkələrə satışlar istisna olmaqla, 8 mart 2022-ci il tarixindən sonra Pfizer/BioNTech peyvəndinin kommersiya satışından qonorar ödənişləri tələb edir.

Qeyd olunur ki, Moderna yalnız indi məhkəməyə müraciət edib, çünki 2020-ci ilin oktyabrında vaksinlərə qlobal çıxışı təmin etmək üçün pandemiya zamanı patentlərini müdafiə etməyəcəyinə söz verib.

Şirkət rəqibin peyvəndinin satışına qadağa qoyulmasını tələb etmir və patentini aşağı və orta gəlirli ölkələrə də genişləndirmək niyyətində deyil.

Pfizer və BioNTech isə rəqib şirkətin iddialarını qəbul etmir, öz əqli mülkiyyətlərinə arxayın olduqlarını və özlərini ittihamlardan müdafiə edəcəklərini bildirir.

Əvvəllər digər əczaçılıq şirkətləri Pfizer, BioNTech və Moderna-ya qarşı oxşar iddialar qaldırmışdılar.

Buna da bax: Ötən il pandemiya ilə mübarizə Azərbaycana neçəyə başa gəlib?

Moderna və Pfizer/BioNTech koronavirus peyvəndləri demək olar ki, eyni vaxtda ortaya çıxıb.

Pfizer/BioNTech peyvəndi ilk dəfə 2020-ci ilin dekabrında ABŞ-da təcili istifadə üçün təsdiqlənib. Eyni təsdiq bir həftə sonra Moderna-ya verilib.

Peyvəndin 2022-ci ildə tətbiqi artıq Pfizer-ə təxminən 22 milyard dollar, Moderna isə bunun təxminən yarısını - 10,4 milyard dollar qazandırıb.