Mədəniyyət adamları Moskvada nədən danışıblar...

A.Salayev

Ayaz Salayev: 'Bu görüşlər davam edəcək'

Ötən həftə (dekabrın 23-ü və 24-də) Azərbaycan və Ermənistandan bir qrup mədəniyyət adamının Moskvada görüşü tanışlıq xarakteri daşıyıb.

Bunu "Turan"a kinorejissor Ayaz Salayev deyib.

Görüşdə Azərbaycan tərəfdən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak edib. Ermənistan tərəfindən isə görüşə Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına Teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan qatılıb.

Kinorejissor A.Salayev həmin tədbir haqqında bunları deyib: "Görüşdük, söhbət etdik. Görüş tanış xarakterli idi deyə, daha geniş nəsə demək, hələlik, tezdir". Onun sözlərinə görə, bu görüşlər davam edəcək.

K.Abdulla

Kamal Abdulla: "Mədəni əlaqələr barədə danışdıq"

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə bildirib ki, görüş çox maraqlı keçib: "Azərbaycan və Ermənistan ictimaiyyəti arasında qarşılıqlı inam, gələcəkdə mədəni əlaqələr barədə danışdıq".

Onun sözlərinə görə, görüş zamanı kəskin bir məqam olmayıb: "Biz hər halda sözümüzü dedik, onlar da söz deməyə çalışdılar və bu şəkildə maraqlı bir görüş keçdi. Həqiqətən də, belə bir görüşlərin bir-birimizi başa düşmək nöqteyi-nəzərdən vacibliyi qeyd edildi".

K.Abdullanın deməsinə görə, təklif olunub ki, belə görüşlər bundan sonra da keçirilsin: "Arzu olundu ki, görüşlər yenidən keçiriləcəyi təqdirdə indiki görüşün əsas koordinatoru - Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Mixail Şvıdkoy da iştirak etsin".

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənilərlə azərbaycanlıların oxşar və fərqli cəhətləri nədir? - Bakıda sorğu

Həmin tədbir ilə bağlı TASS da məlumat yaymışdı. Orada bildirilirdi ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub: "…Moskvada 2020-ci ilin noyabrında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər".

Sonuncu belə bir görüş düz 13 il bundan öncə, 2008-ci ildə keçirilib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin (Şuşa şəhəri daxil) bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.