Musəvidən müraciət: İranda referendum keçirilsin, yeni konstitutsiya hazırlansın

Mirhüseyn Musəvi, arxiv foto

İranın müxalifət xadimi Mirhüseyn Musəvi İranda “azad” referendumun keçirilməsinə və yeni konstitutsiya layihəsinin hazırlanmasına çağırıb.

2011-ci ildən ev dustaqlığında olan Musəvi fevralın 4-də yaydığı bəyanatda bu çağırışla çıxış edib.

O bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyirlər.

Buna da bax: İranda İslam inqilabı plakatlarına od vurulur

Musəvi qeyd edib ki, bu üç söz “zülm, yoxsulluq, təhqir və ayrı-seçkilikdən azad parlaq gələcəyin toxumlarıdır”.

Musəvi, onun universitet professoru olan həyat yoldaşı Zəhra Rəhnavard və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli prezident seçkiləri ilə bağlı Ali Rəhbər Ayətullah Əli Xameneiyi və İranda insan haqlarının vəziyyətini tənqid etdikləri üçün 2011-ci ilin fevralından ev dustaqlığındadılar.

Ötən ilin sentyabrdan İranda etirazlar başlayıb. Bu kütləvi etirazlar hicab qaydasını pozma ittihamı ilə polis məntəqəsinə aparılan və daha sonra xəstəxanada vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb və hələ də səngimək bilmir.

Buna da bax: İranda etirazçıları müalicə edən həkimlərə işgəncə verilib

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakla bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.