Niderland Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə verir

Niderland hökuməti 6 il əvvəl Boeing sərnişin təyyarəsinin Donbas üzərində qəzaya uğraması ilə bağlı Rusiyanı Avropa İnsan Haqları Məhkəməsinə verəcək.

Təyyarədə həlak olanların böyük əksəriyyətinin vətəni olan Niderland bu qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildirir.

Kreml Malayziya Hava Yolları şirkətinin MH17 reysi ilə uçan təyyarəsinin qəzası ilə heç bir əlaqəsi olmadığında israr edir.

2014-cü il, iyulun 17-də qəzaya uğramış Boeing təyyarəsində 298 nəfər həlak olub.

İstintaq nəticəsində məlum olub ki, təyyarəni vurmuş raket Ukraynada rusiyayönlü separatçıların nəzarətində olan ərazidən atılıb. Bu da bəlli olub ki, həmin raket qurğusunun özü də Rusiyadan gətirilibmiş.

Bu iş üzrə Niderlandda keçirilən məhkəmə dinləmələrinə mart ayından başlanıb və hazırda avqustun 31-dək fasilə verilib.

Buna da bax: Niderland məhkəməsi Putin və Shoigu-nu 'müttəhim' edə bilər?

Müttəhimlər

Bu iş üzrə müttəhim olan üç Rusiya və bir Ukrayna vətəndaşına qarşı ittiham irəli sürülüb.

Onların hamısı keçmişdə Donbasdakı rusiyayönlü silahlı separatçılarla bağlı olublar.

Onlardan heç biri məhkəməyə gəlməyib. Müttəhimlərin üçü özlərinə qarşı ittihamları qəbul etməyib, dördüncüsü isə hələlik bu barədə rəyini bildirməyib.

Müttəhimlərdən yalnız rusiyalı Oleg Pulatov Niderlandda vəkilləri ilə təmsil olunur.

İttiham tərəfi öz dəlillərini iyunda keçirilən bir neçə dinləmədə təqdim edib.

İttihamnamədə raketlə vurulmadan başqa bütün versiyalardan niyə imtina edildiyi barədə izahat verilir.

Prokurorlar habelə Buk raket qurğusunun Rusiyadan Ukraynaya gətirilməsi və sonra geri qaytarılması marşrutunu da müəyyən ediblər.

Bu qəza ilə birbaşa bağlı olanların axtarışı davam etdirilir.