Rusiyada koronavirusun ‘kraken’ subvariantı aşkarlanıb

Arxiv fotosu

Rusiyada koronavirusun “Omikron” ştamının “kraken” adlı subvariantı aşkarlanıb. Bu haqda istehlakçıların hüquqlarını müdafiə agentliyi “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb. Yoluxma halının Penza vilayətində tapıldığı bildirilir.

Daha öncə Dünya Səhiyyə Təşkilatı (DST) “kraken”in COVID-19-in ən yoluxucu subvariantı olduğunu açıqlayıb. Ancaq ekspertlər xəstəlik dönəminin yüngül keçdiyini deyirlər.

Hazırda Rusiyada “Omikron” ştamının müxtəlif variantlarının yayıldığı, ВА.5-in dominant olduğu deyilir.

Ötən payızda ölkədə “delta” ştamına tək-tük yoluxma halları da qeydə alınıb. 2021-ci ilin ikinci yarısında dominant olan bu ştam yüzminlərlə insanın ölümünə səbəb olub. “Rospotrebnadzor” son aylar başqa ştamlar aşkarlamayıb.

“Kraken” adı verilmiş XBB.1.5 ilk dəfə oktyabrda ABŞ-da tapılıb. Onun aktiv şəkildə Böyük Britaniyada və Avropanın digər ölkələrində də yayıldığı deyilir.