Özbəkistan vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq edir

Rusiyada özbək miqrantlar

Özbəkistanın Moskvadakı səfirliyi Rusiyada yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, Rusiyanın Ukraynada davam edən işğalına qoşulsalar, ciddi nəticələrlə üzləşə bilərlər.

Səfirlik avqustun 10-da yaydığı bəyanatda bildirir ki, xarici ölkələrin ərazisində hərbi əməliyyatlarda hər hansı formada iştirak muzdlu fəaliyyət hesab olunacaq və 10 ilədək həbslə cəzalandırıla bilər.

“Səfirlik bütün həmvətənlərimizi provokasiyalardan kənar durmağa çağırır”, – bəyanatda deyilir.

Buna da bax: Rusiyanın ‘könüllülər’dən ibarət yeni quru korpusu qurduğu deyilir

Bu bəyanatdan bir gün öncə Rusiyanın Perm vilayətinшт BETTA telekanalı yerli özbək diasporunun lideri Cahongir Calolovun bəyanatını yayıb. O, Permdə yaşayan özbəkləri 14-cü əsr hökmdarı Əmir Teymurun şərəfinə özbək batalyonu qurmağa çağırıb. Calolov deyib ki, bu batalyon ukraynalılarla döyüşən Rusiya hərbi qüvvələrinə qoşulmalıdır.

Rusiya mediasının bu həftənin əvvəlində yaydığı məlumata görə, ölkənin vilayətlərində və etnik respublikalarda 40-dan artıq könüllü hərbi birləşmələr yaradılıb.

Rusiya fevralın sonunda Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayıb. Ukrayna silahlı qüvvələrinin qəti müqaviməti ilə üzləşən Moskva martın sonunda hədəfini dəyişib, Ukrayna paytaxtı Kiyev yaxınlığından və şimaldan qüvvələrini çəkib, ölkənin şərqinə və cənub-şərqinə fokuslanıb.