Məşhur holdinqin Neftçalada yeni balıq zavodu planı var

Balıq

«Port Baku Towers» ünvanında qurulan şirkətin niyyəti ölkənin balıq vətəgələrinin yerləşdiyi ərazidə yeni balıqçılıq zavodunun qurulmasıdır. Hər halda yeni müəssisəyə «Neftchala Fish Factory» adı verilib.

Yeni şirkətin gerçək təsisçinin kimliyini ehtimal etmək çətin deyil. Bu, «Pasha Holding» MMC-dir. Şirkətin rəhbəri isə bir başqası yox, holdinqin investisiyalar üzrə direktoru Nəriman Sərdarlıdır.

«Neftchala Fish Factory» MMC avqustun 8-də 10 min manat ilkin kapitalla yaradılıb. Bu haqda Vergilər Nazirliyi məlumat verir.

Neftçala rayonu özünün balıqçılıq ənənələri ilə tanınır. Burada hələ XIX əsrin sonlarında qurulmuş balıq kombinatı fəaliyyət göstərib. Amma nərə balığı və kürüsü istehsal edən həmin zavod 2000-ci illərin əvvəlində investisiya müsabiqəsində «AzF Co Ltd» MMC-yə satılandan bir müddət sonra fəaliyyətini dayandırdı.

Rayonun Xıllı kəndində isə Dünya Bankının krediti ilə nərə balıqartırma zavodu yaradılıb. Bu il isə Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 25 min ton olan balıq yemi zavodu tikilib istifadəyə verilib.