'Paşa Holding'dən yenilöncəsi sürpriz

Pasha Holding

«Paşa Holding»ə daxil «Paşa Development» şirkəti dekabrın son günlərində kapitalını ay ərzində 3-cü dəfə artıraraq, «Paşa Bank» ASC-dən də böyük şirkətə çevrilib.

Böyüməyin sirri

Bu dəfə şirkətin nizamnamə kapitalı, nə az-nə çox, 108 milyon manat artırılıb və408 milyon manata çatdırılıb. Bu məbləğ holdinqə daxil olan «Paşa Bank»ın kapitalını 22 faiz üstələyir.

Şirkət belə sürətlə böyüməsinin sirrini yenə açıqlamır. Burada yalnız onu bildirirlər ki, «Paşa Development» MMC daşınmaz əmlakın sahibliyi və idarə edilməsi ilə məşğuldur.

İşə 16 milyonla başlamışdı

Qanunvericiliyə görə, hüquqi şəxslərin nizamnamə kapilatı onun səhmdarlarının pul və əmlak qoyuluşları, eləcə də təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi mənfəət hesabına artırıla bilər.

Ötən ilin dekabrında «Paşa Development»in rəhbərliyinə Nəriman Sərdarlı gətirilmişdi. O zaman şirkətin kapitalı 240 milyon manat idi. İctimaiyyətə yalnız bu bəllidir ki, şirkət Azərbaycan, Gürcüstan və Monteneqroda daşınmaz əmlaka sərmayə qoyuluşları ilə məşğuldur.

«Paşa Development»i 2012-ci ilin yayında 16 milyon manat kapitalla «Paşa Holding» MMC yaradıb.