Paşinyan erməni əsirlərdən danışdı. XİN-dən reaksiya

Ermənistan Baş naziri Nikol Paşinyan Klinqendal İnstitutunda

Paşinyan deyir ki, Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib.

Hazırda Azərbaycanda azı 38 erməni əsir var. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də Niderlandın Klinqendal Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. AzadlıqRadiosunun Ermənistan xidməti onun Azərbaycan Prezidenti İlham Əliyevlə 6 aprel Brüssel görüşünün bəzi detallarını açıqladığını yazır.

Paşinyan deyir ki, Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib.

Buna da bax: Paşinyan: 'Heç kim bilmir bütün bunlar nəylə qurtaracaq'

“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”

“Daima bu prosesi müxtəlif mövzularda alver predmetinə çevirməyə cəhdlər olunur... Məncə, məsələnin humanitar tərəfini gözardı etməklə sülhdən danışmaq olmaz. Bunu praktikada göstərdik və minalanmış ərazilərin xəritəsini verdiyimizə görə ölkə daxilində ciddi tənqidlə üzləşdik”, – Paşinyan vurğulayıb.

Baş nazir deyir ki, Yerevan adamlardan siyasi məqsədlərlə istifadəni qınayır və Bakının əsirləri mina xəritələrinə dəyişməyə çalışarkən məhz belə davranıb.

“Biz əlimizdə olan xəritələri Azərbaycana verdik. Bu humanitar addımın ardınca digər humanitar addım atılmalıdır”, – o vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə, Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Rəsmi Bakı hərbi əməliyyatlar bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Ancaq sonradan bir neçə qrup erməni hərbçi təhvil verilib.

Buna da bax: ABŞ dövlət katibi İlham Əliyevə zəng edib

“Ermənistan rəhbəri yaxşı olardı ki...”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Paşinyanın çıxışın şərh edib. O, səslənən fikirləri “əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar” adlandırıb.

XİN təmsilçisi Ermənistanın hissə-hissə təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin 25% olduğunu vurğulayır. “Ümumiyyətlə, Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır, çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi”, – Abdullayeva bildirir.

O, 2020-ci il noyabrın 9-da üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfərin mina qurbanı olduğunu vurğulayır.

Buna da bax: Yerevan Qarabağın statusu 'əsas və prinsipial məsələdir' deyir

Bəyanatda Azərbaycanın erməni əsilli şəxsləri qaytarmaması ittihamı “yersiz və əsassız” adlandırılır. “Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın”, – Abdullayeva vurğulayır.

Brüssel görüşündə tərəflər ikitərəfli sülh sazişinin hazırlanması üzərində işə başlamağa, sərhədlərin delimitasiyası üzrə komissiya yaratmağa razılaşıblar.

Paşinyan dünənki çıxışında iki ölkənin xarici işlər nazirlərinin bu günlərdə görüşəcəyini bildirib. Görüşün MDB Xarici İşlər Nazirləri Şurasının 12-13 may Düşənbə toplantısı çərçivəsində keçiriləcəyi gözlənir.