Pentaqon: Suriyada Əl-Qaidənin yüksək rütbəli lideri öldürülüb

ABŞ, RQ-4 Global Hawk, arxiv foto

“Əl-Qaidə”nin yüksək rütbəli lideri Suriyada ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbə ilə öldürülüb.

Bu barədə Pentaqon məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü deyib ki, Əl-Qaidə lideri Abdula Hamid al Matara oktyabrın 22-də ABŞ-ın pilotsuz təyyarəsinin Suriyaya endirdiyi zərbə nəticəsində öldürülüb.

ABŞ Mərkəzi Komandanlığın sözçüsü ordu mayoru John Rigsbee deyib ki, Əbdül Həmid əl-Matarın ölümü "terror təşkilatının ABŞ vətəndaşlarını, tərəfdaşlarını və günahsız mülki insanları təhdid edən qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini pozacaq”.

Rigsbiee zərbə nəticəsində mülki itkilərə dair heç bir məlumatın olmadığını deyib.

Əl Qaidə liderinin öldürülməsi ilə nəticələnən dron zərbəsi Suriyanın cənubundakı ABŞ məntəqəsinə hücum edildikdən iki gün sonraya təsadüf edib.

John Rigsbee dron zərbəsinin cavab olaraq həyata keçirilib-keçirilmədiyini açıqlamayıb.

Birləşmiş Ştatlar bu həftənin əvvəlində Əl-Tənf Qarnizonunun oktyabrın 20-də hücuma məruz qaldığını təsdiqləyərək, ABŞ hərbçilərinin xəsarət almadığını bildirib.

Rigsbee, Əl-Qaidənin ABŞ və müttəfiqləri üçün təhlükə yaratmağa davam etdiyini və Suriyanı sığınacaq olaraq istifadə etdiyini söyləyib.

Suriyada 10 illik qarşıdurma 2011-ci ilin martında hökumət əleyhinə nümayişlərin dağıdılması ilə başlayıb.

Rusiya və İranın hərbi dəstəyi güc tarazlığını ölkənin indiki rejiminin xeyrinə dəyişməyə kömək edib. Bundan sonra Bəşər Əsədə sadiq qüvvələr Suriyanın böyük hissəsini nəzarətə götürüb.