Putinin sözçüsü də koronavirusa yoluxub

Dmitry Peskov həyat yoldaşı Tatyana Navka ilə

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov və onun arvadı Tatyana Navkanın testləri onların koronavirusa yoluxduqlarını göstərib.

Hazırda hər ikisinin xəstəxanada olduğu xəbər verilir.

Peskov mayın 12-də xəstələndiyini, xəstəxanada müalicə olunduğunu mediaya açıqlamasında təsdiqləyib.

Daily Storm saytının verdiyi məlumata görə Peskovun arvadı COVID-19 virusuna yoluxduğunu və hazırda əri ilə birlikdə xəstəxanada müalicə olunduqlarını deyib.

Buna da bax: Ağ Evdə maska məcburi oldu

Koronaviruslu məmurların sırasında

Peskovdan başqa Rusiyada koronavirusa çox sayda yüksək vəzifəli rəsmi yoluxub.

Bunların arasında baş nazir Mikhail Mishustin, mədəniyyət və tikinti nazirləri Olga LyubimovaVladimir Yakushev də var.

Peskov son dəfə ictimayyət qarşısında aprelin 30-da, Mishustin xəstələnən gün görünüb.

Mətbuat katibinin xəstələnməsindən bir gün əvvəl, mayın 11-də Rusiya prezidenti demişdi ki, ölkədə epidemioloji vəziyyət yaxşılaşmaqdadır.

O bəzi karantin məhdudiyyətlərinin yumşaldılmasını elan etmişdi.

Peskov prezidentə ən yaxın məmurlardan biri hesab olunur. O jurnalistlərlə keçirilən gündəlik telebrifinqlərdə bu və ya digər məsələlər barədə Putinin və Kremlin nöqteyi-nəzərini çatdırır.

O TASS xəbər agentliyinə demişdi ki, sonuncu dəfə prezidentlə 1 ay əvvəl ünsiyyətdə olub.

Putin hazırda Novo-Oqaryovadakı iqamətgahında ətraf mühitdən tam təcrid olunub.

Buna da bax: Putin ən çox yoluxma olan gün karantini yumşaldır

Virusu evə Peskov salıb?

Peskovun arvadı, məşhur idmançı, fiqurly konkisürmə üzrə iki dəfə dünya, üç dəfə Avropa çempionu Tatyana Navka mediaya deyib ki, böyük bir ehtimalla virusu ailəyə əri gətirib:

“Bütün ailə ciddi təcrid şəraitində yaşayırdı. Ərim işləyirdi. Odur ki, bununla bağlı bir versdiya var. Böyük bir ehtimalla ilk əvvəl xəstələnən o olub”.

Aprelin əvvəllərində Peskov ictimaiyyət qarşısında “virus blokiratoru” deyilən və səmərəliyi elmi baxımdan təsdiqlənməmiş bir cihazla gəzirdi.

Jurnalistlər bu barədə çoxsaylı suallar verəndən sonra mətbuat katibi bu cihazı üstündən açmışdı.

Putin koronaviruslu pasientlərin müalicə olunduqları Kommunarka xəstəxanasına baş çəkərkən də Peskov onu müşayiət etmişdi.

Jurnalistlər diqqəti belə bir məqama çəkirdilər ki, məmurların arasında fiziki məsafə və maska proseduruna yalnız o əməl edir.