Putini Kremldən 'qovmaq' istəyən şamanı ruhi xəstəxanadan buraxmırlar

Şaman Aleksandr Qabışev (Arxiv fotosu)

Rusiyada Primorsk diyarının məhkəməsi yakutiyalı şaman Aleksandr Qabışevin vəkillərinin vəsatətini rədd edib.

Bu barədə məlumatı özünün teleqram kanalında vəkil Aleksey Pryanişnikov verib.

Şamanın müdafiəsi Ussuriysk rayon məhkəməsinin Qabışevin ümumi rejimli ruhi xəstəxanaya köçürülməsinə dair vəsatəti rədd etməsindən şikayət vermişdi.

Vəkil bildirib ki, bu qərardan Ali Məhkəməyədək bütün instansiyalara şikayət verəcək.

Pryanişnikov əlavə edib ki, Qabışevin xəstəliyinə dair həkim-psixiatrların növbəti komissiyası oktyabrın əvvəllərində keçiriləcək.

Buna da bax: Rusiyada miqrantlar üçün adaptasiya kursu: ana dilində pıçıldaşmayın, qoyun kəsməyin

Bundan əvvəl

Şaman Aleksandr Qabışev 2019-ci ildə “Putinin Kremldən qovulması” ayininin icrası üçün Yakutskdan Moskvaya yürüşə başlamışdı.

Yol boyunca ona çox sayda tərəfdarları qoşulmuşdular. Bundan bir neçə həftə sonra polislər şamanı Buryatiya və İrkutsk vilayətlərinin sərhədində saxlamışdılar.

Daha sonra Qabışev ruhi-nevroloji dispanserə yerləşdirilmiş, eyni zamanda ona qarşı ekstremizmə çağırış maddəsi ilə cinayət işi açılmışdı.

2021-ci ilin oktyabrında Yakutsk şəhər məhkəməsi Qabışevi xüsusi rejimli Novosibirsk ruhi xəstəxanasına məcburi müalicəyə göndərmişdi.

Şamanı hakimiyyət orqanlarına qarşı zorakılıqda və ekstremistlikdə ittiham edirdilər.

2022-ci ilin aprelində Qabışevi Novosibirsk ruhi xəstəxanasından Ussuriyskdəki xəstəxanaya köçürmüşdülər.

Sibir və Uzaq Şərqin sakinləri Qabışevin müdafiəsi üçün çoxsaylı piket və başqa aksiyalar keçiriblər.

Memorial insan haqları müdafiəsi fondu 2021-ci ildə Qabışevi siyasi məhbus siyahısına daxil edib.

Hazırda vəkilləri şamanın ümumi tipli psixiatrik xəstəxanaya köçürülməsinə çalışırlar.

Mayın 16-da Ussuriysk məhkəməsi məhz bu barədə vəsatəti rədd edib.