Putinin əfv etdiyi məhkumlara qarşı 190-dan çox cinayət işi açılıb

Vaqner döyüşçüsü (Arxiv fotosu)

2023-cü il ərzində Vaqner özəl hərbi şirkətinin heyətində Ukraynada döyüşdüklərinə görə prezident Vladimir Putin tərəfindən bağışlanmış keçmiş məhkumlara qarşı onlar müharibədən qayıtdıqdan sonra 190-dan çox cinayət işi açılıb.

Bu barədə Rusiyanın “Vyorstka” araşdırma saytı məlumat verib.

Jurnalistlərin təhqiqatına görə Vaqner sıralarında döyüşmüş keçmiş məhkumlara qarşı oğurluqla bağlı 83, yol hərəkəti qaydalarının pozulması ilə bağlı 27, narkotik maddə ilə əlaqədar 23, qətl və ya qətlə cəhd ittihamlarıyla 20 cinayət işi açılıb.

Bundan başqa keçmiş vaqnerçilərə ağır bədən xəsarəti yetirdiyinə, avtomobil qaçırılmasına, hakimiyyət nümayəndələrinə hücum və onların təhqir olunmasına, dələduzluğa, adam oğurluğu və zorlamaya görə ittihamlar itrrəli sürülüb.

Sayt qeyd edir ki, əfv edilmiş məhkumlara adətən cərimələr, məcburi əmək və ya şərti cəzalar verilir.

Keçmiş məhkumlara həbsxana cəzaları əgər onların cinayəti ölümlə nəticələnibsə təyin edilir.

Buna da bax: Türkiyə 12 əsgərinin ölümünə cavab olaraq İraq və Suriyanın şimalına zərbələr endirib

Hakimiyyət onların Ukraynada döyüşdüklərini gizlədir

Sayt bunu da bildirir ki, bəzən keçmiş məhkumlara qarşı bir yox, bir neçə maddə ilə cinayət işi qaldırlır.

Xəbərdə deyilir ki, 10 muzdlu birdən-birə iki və ya üç, 1 muzdlu isə 6 maddə ilə ittiham edilib.

“Vyorstka” yazır ki, Ukrayna müharibəsində iştiraklarına görə əfv edilmiş məhkumlara açılmış cinayət işlərinin sayı əslində qat-qat çox ola bilər.

Rusiya hakimiyyət orqanları adətən məhkumların Ukraynada döyüşməsi faktını gizlədirlər.

Xəbər verilir ki, dekabrın 21-də Sankt-Peterburqda Vaqner özəl şirkətinin keçmiş muzdlusu Aleksandr Tyutin sifarişli qətl hazırlayarkən həbs edilib.

2021-ci ildə o artıq 4 nəfəri qətlə yetirdiyinə və qardaşı qızını öldürməyə cəhd etdiyinə görə 23 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ukraynada döyüşən Tyutinə Vaqnerin “İgidliyinə görə” ordeni verilib.

Buna da bax: Putinin mümkün rəqiblərini indidən necə sıradan çıxarırlar

Azı 17 qatil əfv edilib

Noyabrın sonlarında məlum olmuşdu ki, Saratov sakinini öldürdüyünə görə 20 il iş almış məhkum Ukraynada müharibədən qayıtdıqdan sonra silahla ağır xəsarət yetirdiyinə görə yenidən təcridxanaya düşüb.

Ukraynada müharibə başlanandan bəri Rusiyada müntəzəm olaraq qətl, zorlama və başqa ağır cinayətlərə görə məhkum edilmiş şəxslər azadlığa buraxılır.

Qurbanların valideynlərinin və yaxınlarının etirazlarına məhəl qoyulmur.

Jurnalistlərin təxminlərinə görə Rusiya prezidenti əvvəllər qətllərə görə məhkum edilmiş azı 17 nəfəri əfv edib.

Onların hamısı Ukraynada döyüşdükdən sonra azadlığa buraxılıb. Onlardan bəziləri artıq yeni cinayətlər törədiblər.