Azərbaycanda qanunsuz ov edən 16 əcnəbi cərimələnib

Azərbaycanda ov mövsümü

Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 əcnəbi saxlanılıb. Onların hər biri 2 min manat məbləğində cərimələnib.

Həmin şəxslərin ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Hikmət Əlizadə bildirib.Onun sözlərinə görə, Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var. Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb.

H.Əlizadə bildirib ki, ölkə vətəndaşları da qanunsuz ovla məşğul olurlar. 2016-cı ildə ölkədə 213 yerli vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron aşkar edilərək götürülüb. Həmin şəxslər ümumilikdə 193 min manatdan çox cərimə edilib.

“Keçirilən reydlər nəticəsində saxlanan şəxslərin ova gəlməsi sübut olunarsa, onlar 1000 manatdan 2000 manata qədər cərimələnir, əgər həmin şəxs ovla yaxalanıbsa, vurduğu heyvana görə əlavə cərimə ödəyir”,- o bildirib.

H.Əlizadə ov mövsümü üçün tətbiq edilən limiti açıqlayıb. Limitə əsasən otən il yerli vətəndaşlar üçün quş ovuna 700, dovşan ovuna 580, çöl donuzu ovuna 16, Dağıstan turunun ovuna isə 10 icazə verilib.