Rusiya Ukraynaya gedən quru yük gəmisinə xəbərdarlıq atəşi açıb

Ukraynadan taxıl daşıyan quru yük gəmisi

Reuters yazır ki, ticarət gəmisinin atəşə tutulması bu yolla yük daşıyan gəmi sahibləri, sığortaçılar və treyderlər arasında narahatlığı artıracaq

Rusiya Ukrayna sahillərinə yön alan quru yük gəmisinə xəbərdarlıq atəşi açıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya gedən bütün gəmilərin hərbi yük daşıması ehtimalını nəzərə alaraq yoxlayacağını açıqlamışdı.

Rusiya Palau bayraqlı "Şükrü Okan" gəmisinə xəbərdarlıq atəşi açıb

Avqustun 13-də Rusiya hərbi gəmisinin Qara dənizin cənub-qərbində, şimala doğru hərəkət edərkən yük gəmisinə xəbərdarlıq atəşi açması ilə bağlı xəbər yayılıb. Reatuers agentliyi yazır ki, ötən ay BMT-nin vasitəçiliyi ilə imzalanmış taxıl sazişindən çıxdıqdan sonra Rusiya ilk dəfə olaraq Ukraynaya aid olmayan ticarət gəmisinə atəş açıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya gedən bütün gəmilərin hərbi yük daşıması ehtimalını nəzərə alaraq yoxlayacağını açıqlamışdı.

Buna da bax: Xarkovda ağır döyüşlər gedir

Rusiya iyul ayında Ukraynaya Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsullarını ixrac etməyə imkan verən "Qara dəniz taxıl sazişi"ndə iştirakını dayandırıb. Rəsmi Moskva xəbərdarlıq edib ki, Ukrayna sahillərinə yön alan bütün gəmilərin potensial silah daşıdığını hesab edir və buna görə də gəmiləri yoxlayaraq, buraxacaq.

Avqustun 13-dəki Rusiya Müdafiə Nazirliyin açıqlamasında bildirilir ki, gəmi kapitanının yoxlamalarla bağlı tələbinə cavab verməməsindən sonra "Vasili Bıkov" patrul gəmisi Palau bayraqlı "Şükrü Okan" gəmisinə avtomatik silahla xəbərdarlıq atəşi açıb. Bundan sonra Rusiya hərbçiləri gəmiyə Ka-29 helikopterinin köməyi ilə enib və yoxlama aparıblar. Yoxlamadan sonra gəmi İzmail limanına doğru yoluna davam edib.

Buna da bax: Ərdoğan deyir ki, taxıl barədə Putinlə razılaşması var

Reuters yazır ki, hazırda "Şükrü Okan" gəmisi Bolqarıstan sahillərinin yaxınlığından Rumıniyanın Sulina limanına doğru irəliləyir.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi Rumıniyaya gedən gəmi ilə bağlı insidentin baş verdiyini eşitdiyini və Ankaranın bununla bağlı araşdırma apardığını bildirib.

Reuters dərhal şərh almaq üçün gəmi və ya onun sahibləri ilə əlaqə saxlaya bilməyib. Ukrayna tərəfi olayı hələki şərh etməyib.

"Ticarət gəmisinə açılan atəş narahatlıqları artıracaq"

Qara dəniz həm Ukrayna, həm də Rusiyanın kənd təsərrüfatları məhsullarını bazara çıxarmaq üçün istifadə etdiyi əsas yoldur. Reuters yazır ki, ticarət gəmisinin atəşə tutulması bu yolla yük daşıyan gəmi sahibləri, sığortaçılar və treyderlər arasında narahatlığı artıracaq.

Qərb Rusiyanın bu addımını de-fakto blokada sayır

Reutersin məlumatına görə, Rusiya və Ukraynanın ikisi də dünyanın ən böyük kənd təsərrüfatı istehsalçılarındandır. Dünya bazarında bu ölkələr buğda, arpa, qarğıdalı, günəbaxan tumu, günəbaxan yağı və digər məhsullar üzrə əsas oyunçulardır.

Qərb Rusiyanın addımlarını Ukrayna limanlarının de-fakto blokadası kimi dəyərləndirir. Bunun da Ukraynadan dünya bazarlarına buğda və günəbaxan toxumlarının axınını kəsmək təhlükəsi yaratdığını bildirilir.

Rusiya isə bunu rədd edir və Qərbin öz ərzaq və gübrə ixracı ilə bağlı qaydaları yumşaltmaq üçün paralel razılaşmanı həyata keçirə bilmədiyini deyir.