Gənc fəalla bağlı şikayət təmin edilməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclər bir günün içində necə "narkoman" oldu?

Oktyabrın 12-si Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun gənc fəal Qiyas İbrahimovun üzərində və yaşadığı evdə qanunsuz axtarış aparılması üzrə şikayətinə baxılıb. Hakim Həsən Əhmədov vəkilin şikayətini təmin etməyib.

Bu haqda E.Sadıqov məlumat yayıb.

«Nizami Rayon Məhkəməsinin 27 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanıldı»,- deyə vəkil bildirib. O yazıb ki, bu iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəklər.

E.Sadıqov Qiyas İbrahimovun prosesdə iştirak etdiyini, onun səhhətinin normal olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkarlanıb. Onunla birlikdə saxlanan Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edildiyi iddia olunur.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Gənclər işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Bayram Məmmədovun işi, hələ, məhkəməyə verilməyib. Q.İbrahimovun işi isə artıq məhkəmədədir. O, məhkəmədəki ifadəsində də məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə həbs edildiyini bildirib.