ABŞ-da hərbi pilotların hazırlığı müzakirə edilib

ABŞ-da hərbi pilotların hazırlıq məsələləri müzakirə edilib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov bu ölkənin Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.

Bu barədə aprelin 13-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, hərbi pilotların hazırlığı və başqa məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Müdafiə Nazirliyi ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə 2002-ci ildən əməkdaşlıq edir. Bu, "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində gerçəkləşir. ABŞ-la əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin, hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.

HHQ komandanı ABŞ-a gedib

Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, ordu-generalı Çarls Braun ilə görüşüb:

“Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.”

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

Bu səfər son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edib.

Ötən ay Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayaraq İran sərhədi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.

Bəyanatda vurğulanırdı ki, martın 11-də İrana məxsus hərbi təyyarə Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Açıqlamaya görə, bununla bağlı onlar əvvəlcədən xəbərdar edilməyib.

Həmin vaxt ABŞ Dövlət Departamentindən bildirilmişdi ki, "biz davam edən gərginliyi narahatlıqla izləyirik".

Amma aprelin 7-8-də Azərbaycanla İranın xarici işlər nazirləri danışaraq, rəsmi açıqlamalara görə, anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyindən bəhs ediblər.