İran ordusu Rəisinin helikopterinin artıq yüklənmədən qəzaya uğraması fərziyyəsini rədd edir

İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin Vərzəqanda qəzaya uğraması

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mayda prezident İbrahim Rəisinin həlak olduğu vertolyot qəzasına pis hava şəraitinin, həm də təhlükəsizlik qaydasının pozulmasının səbəb olması barədə xəbərləri təkzib edib. Mediada yazılanlara görə, vertolyot daşıdığı yükü idarə edə bilməyib.

Yarımrəsmi "Fars" xəbər agentliyi avqustun 21-də yazıb ki, vertolyot qəzası üzrə təhqiqat tənzimləyici və təhlükəsizlik orqanları tərəfindən tam başa çatdırılıb.

Mənbənin dedikləri və təkzib

"Fars" yekun təhqiqatdan xəbərdar, adını çəkmədiyi təhlükəsizlik mənbəyinə istinadla yazıb ki, hadisənin qəza olması ilə bağlı qəti əminlik var. Təftiş və təhlükəsizlik orqanları yekun dəyərləndirmədə şübhəli faktor aşkarlamayıblar, - agentlik qeyd edir.

Mənbənin sözlərinə görə, qəzanın iki səbəbi var – pis hava şəraiti və vertolyotun təhlükəsizlik protokolunu aşan əlavə sərnişin yükünü idarə edə bilməməsi.

"Fars"ın xəbərinə görə, vertolyotda tövsiyə olunan saydan iki əlavə sərnişin olub.

Bu xəbər yayılandan sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatı "qətiyyətlə" təkzib edib, dövlət mediasının yaydığı bəyanatda bildirib ki, xəbər təhrif olunub.

Qərargah bildirib ki, vertolyotda həcmindən çox adamın olması iddiası "kökündən saxtadır".

Vertolyot inqilabdan əvvəl ABŞ-dan alınıb

"Bell 212" vertolyotunda, istehsalçının məlumatına görə, bir pilot daxil olmaqla 15 nəfər gedə ola bilər. Mayın 19-da bu vertolyotla Təbrizə yollanan Rəisi və daha yeddi nəfər dağlıq və meşəlik ərazidə qatı dumanda həlak olub.

O zaman yayılan bəzi məlumatlara görə, beynəlxalq sanksiyalar İranın köhnə vertolyotları üçün hissələr əldə etməsini çətinləşdirir. "Bell 212" Birləşmiş Ştatlarda hazırlanıb, 1979-cu il islam inqilabından öncə ABŞ-dan alınıb.

İslahatçı Məsud Pezeşkian iyunda İranın yeni prezidenti seçilib. Avqustun 21-də ölkənin sərt xətt tərəfdarı parlamenti onun 19 üzvü olan hökumətini təsdiqləyib. 2001-ci ildən bəri ilk dəfə olaraq hökumət tam tərkibdə, dəyişiklik edilmədən təsdiq olunub.