Rüşvətdə adı hallanan deputatlar AŞPA-ya getmədi

AŞPA sesiyası

Yanvarın 23-də Strasburqda AŞPA-nın qış sessiyası açılır.

Sessiyanın gündəliyinə Türkiyə və Ukraynada demokratiya institutlarının fəaliyyəti məsələləri, Suriya böhranı, jurnalistlərə hücum, onlayn-media və Avropada media azadlığı məsələləri daxildir. SessiyadaKipr prezidenti Nicos Anastasiadisin, Rumıniya prezidenti İohannis Klausun, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Komissarı İohannes Khanın çıxışları planlaşdırılıb.

Sessiya iştirakçıları Livanda vəziyyət, Avropanın təhlükəsizliyi, regionun stabilliyi üçün risklər, Qəzzadə humanitar böhran və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada iştirak etmək üçün Strasburqa yola düşüb.

Milli Məclisin saytında dərc edilmiş məlumata görə, beynəlxalq münasibətlər komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Rafael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir.

Nümayəndə heyətinin tərkibində İtaliya prokurorluğu tərəfindən AŞPA deputatlarının, xüsusən Luka Volontenin rüşvətlə ələ alınması faktlarının araşdırılması ilə bağlı qalmaqalda adı hallanan Elxan Süleymanov və Müslüm Məmmədov yoxdur.

Sessiya yanvarın 27-nə qədər davam edəcək.