Rusiya gəmiləri Bakıya gəldi və getdi

Rusiya hərbi gəmisi Bakı limanında - 18 sentyabr 2021

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 20-də məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri Bakı limanını tərk ediblər.

Rusiya hərbi gəmiləri sentyabrın 18-də Bakıya gəlmişdi.

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında görüş də keçirilib: "Azərbaycan hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərinin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan HDQ ilə Rusiya Xəzər Flotiliyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub".