Rusiya üzərindən ABŞ-a uçuşlara qadağa qoyulması istənilir

ABŞ-ın Delta Hava yolları şirkətinə məxsus təyyarə, Ronald Reyqan limanı, 8 avqust 2016

Amerika aviaşirkətləri Ağ Evi və Konqresi xarici aviaşirkətlərin Rusiya hava məkanından ABŞ-a uçmasını qadağan etməyə çağırırlar.

Bu barədə "New York Times" öz mənbələrinə istinadən xəbər verir.

Amerika aviaşirkətləri Asiyaya ən qısa marşrutlarla - Şimal Buzlu Okean və Rusiyadan keçməklə uça bilmədiklərinə görə, Asiya rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətdə olduqlarından şikayətlənirlər.

Buna da bax: Putinin həbsinə order verildi

Beləki Ukraynaya müdaxiləyə görə ABŞ-ın Rusiya aviadaşıyıcılarına qoyduğu qadağalardan sonra Rusiya da qarşılıq olaraq öz hava məkanını ABŞ təyyarələrinə bağlayıb.

Bu səbəbdən də Amerika aviaşirkətləri yollarını uzatmalı və faydalı yükləri azaltmalı olurlar. Onlardan fərqli olaraq digər xarici şirkətlər uçuşa daha az vaxt sərf edir və bu da qiymət fərqinə səbəb olur.

ABŞ Hava yolları lobbi qrupu hesab edir ki, Amerika şirkətləri bir il ərzində təxminən 2 milyard dollar itiriblər. Bu səbəbədən də qrup ABŞ hakimiyyətini Amerika və xarici hava daşıyıcıları arasında rəqabət üçün bərabər şərait yaratmağa çağırır.

“New York Times” Nəqliyyat Departamentinin Çin aviaşirkətlərinə ABŞ-a uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan edən sərəncam layihəsi hazırladığını yazır.

Qəzetə görə, Bayden administrasiyası Hindistan aviaşirkəti ilə bağlı da eyni addımı atmağın Dehli ilə arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edir.

Buna da bax: Çin Rusiyaya silah verirmiş?

Belə qadağa təklifinə müsbət yanaşan Senatın Xarici Siyasət Komitəsinin sədrləri Bob Menendez və Cim Riş Dövlət və Nəqliyyat Departamentinə göndərdikləri məktubda qeyd edirlər ki, Rusiya ərazisi üzərindən uçuşlar zamanı təyyarələr təcili və ya məcburi eniş etməli olduqları vəziyyətə düşə bilərlər.

Senatorlara görə, belə hallarda təyyarədəki Amerika vətəndaşları Rusiya hakimiyyətinin diqqət obyektinə çevrilə bilərlər.

Qadağanın tərəfdarları həmçinin vurğulayırlar ki, Rusiya müharibə şəraitindədir və bu, onun ərazisi üzərində uçuşlar üçün təhlükə yarada bilər.