Rusiyada dron hücumundan sonra böyük silah anbarı yanır

Rusiyada Tver vilayətində dron qırıntılarının ehtimalən silah-sursat anbarına düşməsi nəticəsində böyük yanğın baş verib. Yerli hakimiyyət orqanları əhalinin “qismən evakuasiyasını” elan edib.

Toropets şəhəri administrasiyanın səhifəsində deyilir ki, əhalinin bir hissəsi Zapadnaya Dvina şəhərinə təxliyə edilir.

Yanğının haradan başlanması barədə məlumat verilmir. Məhv edilən və ya zərərsizləşdirilən dronların sayı da məlum deyil.

Administrasiyanın mətbuat xidməti xəbər verir ki, hava hücumundan müdafiə sistemləri “şəhər üzərinə kütləvi dron hücumunu dəf etməkdədir”.

BBC-nin Rus xidməti Ukrayna təhlükəsizlik xidməti SBU-ya istinadla bildirir ki, Ukrayna dronlarının hücumu nəticəsində Rusiya Müdafiə Nazirliyinin baş raket-artilleriya idarəsinin anbarında güclü detonasiya baş verib.

Bu da qeyd olunur ki, bu anbarda Iskander əməliyyat-taktiki və Toçka-U taktiki raket kompleksləri, korrektə olunan aviasiya mərmiləri və artilleriya sursatı saxlanılırdı.

Bu arada Shot teleqram kanalı yerli sakinlərə istinadla yazır ki, Toropets şəhərində əvvəlcə dron səsləri eşidilib, daha sonra isə partlayışlar baş verib.

Astra teleqram kanalı Toropets şəhərində baş verən güclü partlayışları əks etdirən video dərc edib.

Tver vilayətindəki silah anbarlarının yaxınlığında yerləşən Tsikarevo kəndinin yolu yanğına görə kəsilib. Dronun məhz bu kəndə düşdüyü xəbər verilir.

NASA-nın peyk fotoları Tver vilayətində Rusiya Müdafiə Nazirliyinin baş raket-artilleriya idarəsi anbarının bütün 107-ci cəbbəxanası ərazisində istilik siqnallarını qeydə alıb.

Ukraynanın açıq mənbələrə istinad edən Tatarigami saytının məlumatına görə bu anbarda başqa silah və raketlərlə yanaşı Qrad topları üçün 122 mm çaplı reaktiv mərmilər və 82 mm çaplı artilleriya minaları saxlanırdı.

Buna da bax: Şoyqu gözlənilmədən İrana gedib

Nazirlik Tver barədə susur

Bundan əvvəl Astra teleqram kanalı yazırdı ki, Toropetsdə hərbi hissə yerləşir və o azı iki dəfə dron hücumuna məruz qalıb.

Rusiya MN bu barədə heç bir acılama vermir.

Ötən gecə Ukrayna dronlarının vurulmasına dair məlumatları – Bryansk, Smolensk, Tula və Orlov vilayətlərinin rəhbərliyi vermişdi. İddia olunurdu ki, ümumilikdə 23 dron vurulub və guya itki və dağıntı yoxdur.

Daha sonra Rusiya MN-nin verdiyi məlumatda deyilirdi ki, gecə ərzində 54 Ukrayna dronu məhv edilib. Onlardan 27-si Kursk, 16-sı Bryansk, 7-si Smolensk, üçü Belqorod və biri Orlov vilayəti üzərində vurulub.

Nazirlik dron hücumundan sonra silah anbarında yanğın baş vermiş Tver vilayəti barədə məlumat vermir.

Tver vilayətinin qərbində yerləşən Toropets şəhəri Ukrayna sərhədindən 460 kilometrlik məsafədədir.

Şəhərdə və onun ətraflarında bir neçə hərbi hissə yerləşir.