Maya Sandu: 'Rusiya daha Moldovanı qışın soyuğu ilə şantaj edə bilməyəcək'

Maya Sandu AzadlıqRadiosunun iqamətgahında

Moldova prezidenti Maya Sandu deyib ki, ölkəsinin qaz təchizatının şaxələndirilməsi istiqamətində addımlar atması Moskvanın Kişinyovu bundan sonra şantaj etməsinin qarşısını alacaq.

Moldova prezidenti oktyabrın 16-da Praqada AzadlıqRadiosuna verdiyi müsahibədə bildirib ki, Moldovanın qazı birbaşa Rusiyanın Gazprom şirkətindən deyil, açıq bazarlardan alması Moldovaya əvvəllər malik olmadığı müstəqilliyi verəcək:

"Biz Rusiyanın Gazprom-undan qaz almırıq. Biz qazı bazardan alırıq. Bu isə o deməkdir ki, Rusiya bizi əvvəllər, bir il əvvəl olduğu kimi şantaj edə bilməyəcək. Onlar əvvəllər Moldova hökumətinin siyasətlərini xoşlamayanda gəlib deyirdilər ki, qaz təchizatını dayandırırlar”.

Moldova təbii qazı əvvəllər Rusiyadan alırdı, lakin 2022-ci ilin oktyabrından Gazprom müqaviləyə zidd olaraq Moldovaya verilən qazın həcmlərini azaldıb.

Moldova ötən sentyabrda Gazproma olan borcunun ödənməsi üçün 8.6 milyon dollar təklif edib. Gazprom isə borcun 700 milyon dollardan artıq olduğunu bildirir.

Lakin audit yoxlaması göstərib ki, bəzi borcların müddəti qurtarıb, çünki Gazprom bu barədə ödəniş tələbnamələri göndərməyib. Bundan başqa auditdən məlum olub ki, Gazprom-un 2022-ci ilin oktyabrında təchizatı azaltmaq qərarına görə Moldovaya kompensasiya ödənməlidir.

Buna da bax: Co Bayden: Həmas ləğv edilməlidir, amma...

Separatçı Dnestryanı

Gazprom hazırda qazla yalnız Moldovanın separatçı Dnestryanı bölgəsini təchiz edir, amma bu bölgəyə qaz Ukraynadan keçərək gəlir. Hazırda Dnestryanıya qazın verilməsi üçün mövcud olan tranzit müqaviləsinin vaxtı gələn il bitir.

Sandu bunu da qeyd edib ki, Moldova Dnestryanı bölgədən elektrik alır. Bu isə o deməkdir ki, əgər qış aylarında qaz kəsilərsə, əhalinin soyuqda qalmaq təhlükəsi yoxdur:

"İndi Moldovanın vəziyyəti bundan əvvəlki iki qış zamanı olduğundan xeyli yaxşıdır. Birincisi, ona görə ki, biz bir qədər qaz ehtiyatı yığmışıq. İkincisi isə bu qış elektrik təchizatımızın olacağına inanırıq”.

Ukrayna, Rumıniya və Qara dənizin əhatəsində olan yoxsul Moldova tez-tez Rusiya ilə Qərbin qarşıdurma meydanına çevrilir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya tammiqyaslı müdaxilə edəndən bəri vəziyyət daha da mürəkkəbləşib, belə ki, Rusiya Dnestryanı bölgədə sülhməramlı adı ilə qoşun saxlayır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Xankəndi alındı, ölkədə daha nəyin dəyişməsini istərdiniz?

Avropa elektrikinə Rumıniyadan bağlantı

Sandu bildirib ki, Moldova Avropanın elektrik bazarlarına birləşdirilib, amma bu xətlər hazırda Ukrayna ərazisindən keçir. Prezidentin sözlərinə görə hazırda Moldovanın Avropa elektrik bazarına Rumıniya vasitəsilə qoşulması üçün yeni xətlər çəkilir:

"Rusiya hər dəfə Ukraynanın elektrik xətlərini bombalayanda bizim də problemimiz olur. Odur ki, bizim Avropa ilə birbaşa elektrik bağlantısına ehtiyacımız var”.

Sandunun sözlərinə görə Rumıniyadan elektrik xətlərinin çəkilişi 2025-ci ildə başa çatacaq.

Moldova Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra Avropa İttifaqı üzvlüyü üçün müraciət edib.

2022-ci ilin iyununda ona üzvlüyə namizəd statusu verilib.