Rusiyada kafedə partlayış olub, müharibə tərəfdarı olduğu deyilən bloger ölüb

Partlayışın baş verdiyi ərazi, 2 aprel 2023

Bazar günü, aprelin 2-də Sankt-Peterburqun mərkəzində kafedə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Fontanka SPB Online" teleqram kanalının məlumatına görə, Universitetskaya sahilindəki "Street Bar" kafesi əvvəllər Kremlə yaxın olan iş adamı Yevgeni Priqojinə məxsus olub.

Agentliklər şəhərin fövqəladə hallar xidmətinə istinadən bildirirlər ki, kafedə partlayıcı qurğu işə düşüb.

Buna da bax: Hələ orduya çatmamış ölən çağırışçılar-Rusiyadakı son səfərbərlik

"Fontanka SPB Online"-nın öz mənbələrindən əldə etdiyi məlumata görə, partlayışda müharibə tərəfdarı olan bloger Vladlen Tatarski (əsl adı Maksim Fomin) ölüb.

Daha sonra Tatarskinin ölümünü Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti təsdiqləyib.

TASS hüquq-mühafizə orqanlarına istinadla yazır ki, partlayışda hədəf bloger olub. Məlumatda bildirilir ki, əldəqayırma bomba kafedə yaradıcılıq gecəsi keçirilən blogerə verilən heykəlciyin içində olub.

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov 25 nəfərin yaralandığını, 16 nəfərin xəstəxanaya yerləşdirldiyini bildirib.

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Sankt-Peterburqda baş verən partlayışı şərh edib.

Buna da bax: Putinin yeni konsepsiyası ABŞ-ı ‘əsas düşmən’ adlandırır

BBC rus xidmətinin məlumatına görə, Rusiyada bir çox müharibə tərəfdarı olan bloggerlər və təbliğatçılar sübut gözləmədən Tatarskinin qətlində Ukraynanı günahlandırıblar.

"Svoboda" yazır ki, Vladlen Tatarski keçmişdə Donbassda rusiyayönlü qüvvələrin tərkibində döyüşüb, Rusiyanın Ukraynadakı müharibəsindən danışıb. Ukrayna mətbuatı onu Kremlin təbliğatçısı adlandırır. Tatarski 500 mindən çox abunəçisi olan bir teleqram kanalına rəhbərlik edib.

Rusiya mətbuatının yazdığına görə, aprelin 2-də keçirilən yaradıcılıq gecəsində 100-ə yaxın insan iştirak edib.

Sosial şəbəkələrdə qeyd olunur ki, həftəsonu partlayış baş verən kafedə "Cyber Z Front" diskussiya klubu toplaşır.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı “qətl” maddəsi ilə cinayət işi açıb.