Trump-ın impiçment mühakiməsində partiyalararası çəkişmə davam edir

ABŞ Senatı

ABŞ Senatında iclasların vaxtı, şahid və dəlillərin təqdimatı ilə bağlı prosedur çəkişmələrinin ardınca prezident Donald Trump-ın impiçment mühakiməsi başlanıb.

Senatın respublikaçı çoxluğunun lideri Mitch McConnell yanvarın 21-də deyib ki, mühakimə ədalətli bir şəkildə aparılacaq.

Bununla yanaşı McConnell demokratların təşəbbüsü ilə başlanmış impiçment prosesinin Trump-a qarşı ədalətsiz və “qərəzli” olduğunu əlavə edib.

O bildirib ki, prezidentin vəkilləri onu layiqli bir şəkildə təmsil edəcəklər.

Lakin demokrat liderlər McConnell-in elan etdiyi prosedurların “Trump-ın günahlarının ört-basdır edilməsi” məqsədini güddüyünü bildiriblər.

Buna da bax: ABŞ Senatında prezidentin mühakiməsinə başlanır

Senatdakı demokrat azlığın lideri Chuck Schumer respublikaçı lider McConnell-in mühakimə təkliflərini “milli rüsvayçılıq” adlandırıb.

Schumer deyib ki, “prezident təqsirsizliyinə belə əmindirsə, niyə özünü müdafiə etmək istəmir?”

O bildirib ki, Senat mühakiməsinin prosedurları demokratlarla razılaşdırılmayıb və tarixdə “Senatın ən qaranlıq günlərindən biri kimi” qalacaq.

Demokratların impiçment müvəkkillərindən Adam Schiff respublikaçı McConnell-i Trump-ı himayə etməkdə və şahid ifadələrinin səslənməsinin qarşısını almaq cəhdində ittiham edib:

"Bu ədalətli bir mühakimə prosesi deyil. Bu, saxta mühakimə üçün qurulmuş bir prosesdir. Bu elə bir mühakimədir ki, siz Amerika xalqının həqiqəti bilməsini istəmirsiniz”.

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ Senatında Trump-ın mühakiməsi başlanır

İmpiçment mühakiməsinin bazar günləri xaric həftənin 6 günündə davam edəcəyi gözlənilir.

Yanvarın 20-də Trump-ın vəkillər qrupu demokratlara qarşı müdafiə taktikasını açıqlayıb.

Demokratlar Trump-ı öz siyasi rəqibinə qarşı cinayət işi başlatmaq üçün Ukrayna prezidentinə təzyiq göstərməkdə və ədalətin qarşısını almaqda ittiham edirlər.

Trump-ın vəkilləri prezidentin təqsirsiz olduğunu bildirirlər.

Onlar iddia edirlər ki, demokratlar impiçment prosesinə başlamaqla “Konstitusiyanı təhlükəli şəkildə təhrif ediblər və Senat onların bu hərəkətini tez və qəti şəkildə pisləməlidir”.