Qarabağın sonuncu 'prezident'i ifadə verib

Samvel Şahramanyan Yerevandakı Mariott otelinə komissiyaya ifadə vermək üçün gələrkən

Qarabağ separatçılarının sonuncu lideri Samvel Şahramanyan Ermənistan parlamentində 2020-ci il müharibəsini araşdıran xüsusi komissiyaya ifadə verib.

Komissiyanın iclası bağlı qapılar arxasında keçirilirdi.

Komissiyanın sədri Andranik Koçaryan deyib ki, Şahramanyan üç saat çəkən ifadəsi zamanı Azərbaycanın 19-20 sentyabrda keçirdihyi xüsusi əməliyyatın ardınca ermənilərin Qarabağdan kütləvi axını ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Azərbaycanın hərbi əməliyyatından 10 gün əvvəl, sentyabrın 9-da “prezident” seçilən Şahranmanyan sentyabrın 28-də “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun 2024-cü il yanvarın 1-dən buraxılacağına dair sənədi imzalayıb.

Buna da bax: Gürcüstan vətəndaşları Avropaya vizasız gedir, Azərbaycan isə...

Sonuncu “prezident”ə çətin sual

O daha sonra bunu Azərbaycanın təzyiqi altında və Qarabağ ermənilərinin təhlükəsiz çıxışına imkan vermək üçün etdiyini deyib.

Koçaryan deyib ki, Şahramanyana Qarabağın 8 keçmiş və indiki separatçı rəhbərinin Bakıya aparıldığı bir şəraitdə onun helikopterlə Ermənistana necə sağ-salamat çatması barədə də sual verilib.

Sualların bəziləri sentyabrın 25-də Qarabağda benzin anbarının partlaması barədə olub.

Koçaryan deyib ki, ona başqa platformadakı hər hansı rəsmiyə məlum olmayan reallıqlar barədə məlumatlar verilib.

O əlavə edib ki, Şahramanyanın ifadəsindən komissiyanın yekun hesabatında istifadə olunacaq.

Hesabatın gələn il açqılanacağı gözlənilir.

Buna da bax: Ermənistan və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri təsis edir

Hadrutun müdafiəsi üçün cavabdeh komandir

Koçaryan bunu da deyib ki, komissiya habelə Qarabağda Hadrutun müdafiəsi üçün cavabdeh olan daha bir hərbi komandirdən ifadə almalıdır.

Komissiya sədri bildirib ki, Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da könüllü ifadə vermək istədiyini bildirib.

Koçaryan bildirib ki, 2020-ci il müharibəsi zamanı Qarabağın “müdafiə ordusunun” komandanı olmuş Cəlal Harutyunyanın dindirilməsinə mane olan hüquqi faktorlar var, belə ki, ona qarşı müharibə ilə bağlı başqa cinayət ittihamları irəli sürülüb.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, jurnalistlərə Şahramanyana suallar vermək imkanı yaradılmayıb.

Buna da bax: Paşinyan Azərbaycanın sülh müqaviləsi imzalayacağından əmin deyil

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar indiyədək həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılıb.