Hesabat: 'Bir ildə siyasi məhbusların sayı 100-dən çox artıb'

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur.

Azərbaycanda son bir ildə - 2023-cü il iyulun 31-dən 2024-cü il iyununa kimi siyasi məhbusların sayının 100-dən çox artdığı bildirilir.

Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin "Hüquqi Azərbaycan" hesabatında bəhs edilir.

"Hazırda cəzaçəkmə yerlərində siyasi motivlərlə həbs olunan ən azı 303 nəfər saxlanılır", - hesabatda əlavə edilir.

Hesabatda vurğulanır ki, "siyasi məhbusların əksəriyyəti dindarlardır, lakin son bir ildə həbs olunan fəalların və jurnalistlərin sayı kəskin şəkildə artıb".

2024-cü ilin mayında Azərbaycan prezidenti 154 nəfərin əfv edilməsi haqqında sərəncam imzalayıb. Lakin bu sərəncam siyasi məhbus siyahılarında yer alan heç bir şəxsə şamil edilməyib.

Siyasi Məhbusların Monitorinq Mərkəzini 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" yaradıb.

Hələlik, hesabata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Bir sıra hüquq müdafiəçilərinin hazırladıqları belə siyahılarda 300-dən, bəzilərində isə hətta 100-dən az məhbusun adı yer alır.

Təkcə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Azərbaycanda son aylar jurnalist və fəalların artan həbsi ilə bağlı Avropa İttifaqının açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyindən belə cavab vermişdilər: "Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə, fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlər kökündən yanlışdır".