2000-ə yaxın sosial mənzil tikilməsi gözlənilir

Arxiv fotosu.

“Ölkəmizdə 2000-ə yaxın sosial mənzilin tikintisi nəzərdə tutulur. Gələn il mayın 1-dək “Elektron hökumət” portalında “güzəştli mənzil” sistemi yaradılacaq”.

Bu barədə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.

Buna da bax:​ Hökumət 'sosial mənzil' deyəndə nəyi nəzərdə tutur?

O, AZƏRTAC-a açıqlamasında bildirib ki, sistemdə güzəştlə veriləcək sənədlərin siyahısı və şərtləri yerləşdiriləcək.

“Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mənzilləri güzəştli və uzun müddətli ipoteka ilə əldə edə biləcəklər. Mənzil ipoteka krediti hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizini təşkil etməlidir”.

S.Nuriyevin sözlərinə görə, əsas güzəşt ondan ibarətdir ki, mənzillər tam təmirli olmaqla, orta bazar qiymətindən aşağı satılacaq.

“Mənzil inşaatı üçün artıq ilk torpaq sahəsi (11, 6 hektar) ayrılıb. Bununla əlaqədar Baş plan hazırlanıb. İşçi planın isə hazırlanması üzrə işlər başa çatır. Mənzillərin 1, 2 və 3 otaqlı olması planlaşdırılır”, – deyə S.Nuriyev bildirib.

Buna da bax:​ 'Güzəştli mənzil' sistemi yaradılır

O, əlavə edib ki, güzəştli mənzillərə 3 il ərzində kirayə və ya icarəyə verilməsi ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq.

Prezident İlham Əliyev noyabrın 16-da «Mənzil İnşaatı Dövlət Agentliyi» (MIDA) MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədilə «Elektron hökumət» portalında «Güzəştli mənzil» sistemi yaradılması ilə bağlı fərman verib.

Dövlət başçısının bu il aprelin 12-də imzaladığı sərəncam ilə isə sosial evlərin tikintisi ilə məşğul olacaq Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdı.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Ev almaq istəyən sakinlər: "İcra hakimiyyətinin toruna düşdük"