«TransEvroKom», sən kiminsən?

TransEvroKom web site screenshot

-

İki nazir onu öz şirkətləri sırasına qatıb

Azərbaycanda telekommunikasiya xidmətləri göstərən «TransEvroKom» şirkətinin mülkiyyətçisi haqqında ziddiyyətli məlumatlar verilir. Ölkənin iki iri holdinq şirkəti onu öz strukturuna aid etsə də, «TransEvroKom»da tamamilə başqa şirkətlərin təsisçi olduğunu deyirlər.

Şirkətin saytında təsisçilərə dair bilgi yoxdur

«TransEvroKom» MMC (VÖEN 1700170891) 2004-ci ildə qurulub. Onun saytında təsisçilər haqqında heç nə deyilmir və yalnız şirkətin fəaliyyət sahələri haqqında bilgilər diqqətə yetirilir. Bu şirkət xətli telefon, ölkədaxili və beynəlxalq telekommunikasiya kanalları vasitəsilə DATA və internet üzrə xidmətlər təqdim edir. Qurum Bakıda ümumi tutumu 10 min nömrə olan 499 prefiksli rəqəmsal avtomat telefon stansiyasının və Gəncədə 28 prefiksli ATS-in operatorudur.

Şirkət həm də Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) dəmiryolu boyunca çəkilmiş fiber optik SDH kabel rabitə xəttindən yararlanaraq, «Azərbaycan Dəmir Yolu» (ADY) QSC-yə də xidmət göstərir.

Şirkətin sahibinə gəlincə...

Nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus «Garant Holding» MMC özünün korporativ saytında müxtəlif sktorlarda fəaliyyət göstərən şirkət və müəssisələr sırasında «TransEvroKom» MMC-ni də qeyd edir. AzadlıqRadiosu dəfələrlə cəhd göstərsə də, holdinqdə bu məsələyə aydınlıq gətirəcək bir şəxs tapılmayıb. Telekommunikasiya şirkətini öz strukturuna daxil edənlərdən biri də «İtalDizayn Group» MMC-dir. Bu holdinqin gənclər və idman naziri Azad Rəhimova aid olduğu bildirilir.

«İtalDizayn» şirkətinin rəhbərliyi AzadlıqRadiosu ilə telefon söhbətində «TransEvroKom» MMC-nin yarandığı vaxtdan bu holdinqə məxsus olduğunu, «Garant Holding»lə şəriklik münasibətlərində olmadığını bəyan edib.

Tam başqa cavab

AzadlıqRadiosu məsələni aydınlaşdırmaqdan ötrü «TransEvroKom» MMC-yə üz tutmaq qərarına gəlsə də, oradanə tam fərqli bir cavabla üzləşib.

Telekommunikasiya şirkətinin baş mühasibi Abuzər Mahmudovun sözlərinə görə, «TransEvroKom» MMC-nin nə özünün, nə də təsisçilərinin «ItalDizayn Group»la «Garant Holding»ə aidiyyatı var: «Şirkətin hüquqi şəxs statuslu 3 təsisçisi var və onların sırasında bu holdinqlər yoxdur». Amma A. Mahmudov «Kommersiya sirri haqqında» qanuna söykənərək, onların adlarını açıqlamayıb.

Sözügedən şirkət Bakı şəhəri, Puşkin küçəsi, ev 10, mənzil 11-də qeydiyyatda olsa da, əslində, Azərbaycan Dəmir Yolunun inzibati binasında (Dilarə Əliyeva küçəsi, 230) fəaliyyət göstərir.