F.Mustafa: 'Erdoğan-a xəbərdarlıqdır'

Fazil Mustafa

Azərbaycanda siyasətçilər, deputatlar sosial şəbəkələrdə Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı fikirlərini bölüşürlər.

Deputat Fazil Mustafa baş verənləri «perspektivsiz, sadəcə Erdoğan-ı silkələyəcək bir xəbərdarlıq aksiyası» kimi dəyərləndirir.

O yazır: «Adətən Türkiyədəki bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılırdı. Öncə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verirdi, yaxud ana müxalifət partiyasının gizli dəstəyi alınırdı. Və ya Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir».

Buna da bax: Türkiyədə hərbi çevriliş cəhdi [Xronika]

Deputat hazırda bunun mümkün olmadığını, hakimiyyətin ciddi sosial bazası, 15 illik iqtidar imkanlarından qazanılmış maddi resursları olduğunu qeyd edir. Eyni zamanda, ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifarişin də müşahidə olunmadığını bildirir.

F.Mustafaya görə, əgər işin başında bilavasitə Baş Qərargah rəisi dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq, bəlkə də, ehtimal oluna bilərdi.

«Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir. Bizim üzərimizə düşən, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasıdır. Erdoğan-dan xoşu-gəlib gəlməmək hər kəsin öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir», - deyə deputat fikrini yekunlaşdırır.

Bu görüntülər Türkiyədə çəkilib- [fotolar]

Bu görüntülər Türkiyədə çəkilib- [fotolar]