Türkiyə parlamentinə küçə itləri ilə bağlı qanun layihəsi təqdim olunub

Türkiyədə heyvan haqları müdafiəşilərinin aksiyası

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə milyonlarla sahibsiz itlər barədə tədbirləri ehtiva edən qanun layihəsi təqdim edib.

Reuters agentliyi yazır ki, heyvan haqları müdafiəçiləri təklif edilən qanun layihəsindən narahatdırlar.

Onların fikrincə ölkədə olan milyonlara sahibsiz itləri sığınacaqlara salmaqdansa, onların kütləvi qısırlaşdırılması daha münasib həll olardı.

AKP-nin təklif etdiyi layihədə deyilir ki, bələdiyyələr sahiblsiz itləri küçələrdən yığışdırmalı və onlar yeni sahibləri tapılanadək orada saxlanmalıdırlar.

Layihədə qeyd olunur ki, aqressiv və sağalmaz xəstəlikləri olan itlər məhv edilməlidir.

AKP parlament fraksiyasının sədri Abdullah Güler deyib:

"Küçələr itlərin yaşaması üçün məkan deyildir, amma onların daha ixtisaslaşdırılmış sığınacaqlarda yaşamaq haqqı var”.

Reuters xatırladır ki, bu qanun layihəsinin ilkin variantı bir ay əvvəl mətbuata sızmış və müxalifət də daxil ictimaiyyət tərəfindən mənfi qarşılanmışdı.

Həmin layihədə bütün sahibsiz itlərin bir ay ərzində tutulması və məhv edilməsi təklif olunurdu.

4 milyonadək it

Xəbərdə deyilir ki, Türkiyədə 4 milyonadək küçə itinin yaşadığı təxmin edilir. Qanun layihəsində qeyd olunur ki, son 20 ildə 2.5 milyon it bələdiyyələr tərəfindən qısırlaşdırılıb.

Türkiyədə hazırda qüvvədə olan qanuna görə bələdiyyələr küçə itlərini qısırlaşdırmalı və vaksinləməli, daha sonra isə onları tutulduqları yerə buraxmalıdırlar.

Qanun layihəsində deyilir ki, Türkiyədə hazırda 322 heyvan sığınacağı var və bunlar 105 min it üçün nəzərdə tutulub.

Qanun layihəsi habelə bələdiyyələri illlik büdcələrinin azı 0.3 faizini heyvanların reabilitasiyasına və yeni sığınacaqların tikilməsinə təhkim edir.

Qanun layihəsində bələdiyyələrə yeni sığınacaqların tikilməsi və köhnələrinin təmir edilməsi üçün 2028-ci ilədək vaxt verir.