Rusiya Ukraynaya dron zərbələri endirir

Rusiya dronunun Zaporojye vilayətinə hücumu

Noyabrın 22-də səhər Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətindəki Nikopol şəhərini atəşə tutub, yaralılar var, şəhərə ziyan dəyib. Bu haqda vilayətin qubernatoru Sergey Lısak Telegram-da yazıb. Ukraynanın havadan müdafiə qüvvələri isə Rusiyanın daha bir dron zərbəsi dalğasını dəf etdiyini bildirib.

"İşğalçılar ötən gecədən Nikopol vilayətini ağır artilleriyadan dörd dəfə atəşə tutublar", – yazan Lısak iki dinc sakinin yaralandığını sözlərinə əlavə edib. O, şəhərdə elektrik xətlərinin qırıldığını, azı min 200 ailənin elektriksiz qaldığını bildirib.

Dron hücumu

Rusiya Nikopolu tez-tez artilleriya və dron zərbələrinə məruz qoyur, dinc sakinlər arasında itkilər olur, infrastruktur zədələnir. Ötən həftə dron zərbəsində bir nəfər öldürülüb.

Ukrayna havadan müdafiə qüvvələri isə noyabrın 22-də bildirib ki, Rusiya ötən gecə bir neçə vilayətə dron hücumu edib, ancaq İran istehsalı olan 14 dronun hamısı vurulub.

Məlumatda deyilir ki, Rusiyanın qanadlı raketi Zaporojye vilayətinə düşüb, ancaq hədəfə dəyməyib, infrastruktura ziyan dəyib.

Bu arada Rusiyanın Müdafiə Nazirliyi işğal olunmuş Krım üzərində Ukraynanın üç dronunun, habelə dörd donanma dronunun vurulduğunu bildirib.

Cəbhədə vəziyyət

Ukrayna qüvvələri son 24 saat ərzində cəbhə xəttində yaxın məsafədən 48 döyüşün baş verdiyini açıqlayıblar. Donetsk vilayətində Lıman, Baxmut və Avdeyevka istiqamətlərində Rusiyanın hücumlarının qarşısının alındığı bildirilir.

Noyabrın 21-də Almaniya Ukraynaya 1.3 milyard avro (1.42 milyard dollar) hərbi yardım ayırıb. Yardıma dörd ədəd IRIS-T havadan müdafiə sistemləri, eləcə də artilleriya sursatı daxildir.

Müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı belə bir açıqlama verib.

Almaniya ABŞ-dan sonra Kiyevə böyük yardım ayıran ikinci ölkədir. İndiyədək Ukraynaya artıq üç ədəd IRIS-T sistemləri verilib, sonuncusu ötən ay çatdırılıb.