Ukrayna ilk dəfə Rusiyadan atılan 'Kinjal' raketini vurduğunu bildirir

Risiyanın MiG-31 təyyarəsi "Kinjal" raketilə, 19 iyul 2018

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiyanın hipersəsli "Kinjal" ("Xəncər") raketini vurduğunu açıqlayıb.

Bu barədə şənbə günü, mayın 6-da Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general Mikola Oleşçuk bildirib.

Buna da bax: Putin hansı silahlarla qürrələnib?

"Ukrayna xalqını tarixi hadisə münasibətilə təbrik edirik! Bəli, biz "analoqu olmayan "Kinjal"ı vurduq! .. Bu, mayın 4-də Kiyev vilayətinin səmasında gecə hücumu zamanı baş verib."

Ukraynalı general "X-47" raketinin MiQ-31K təyyarəsi ilə Rusiya ərazisindən buraxıldığını və onun da bu yaxınlarda Ukraynaya çatdırılan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu deyib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib və müharibə hələ də davam edir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Priqojin Şoyqunu hədələdi, "Vaqner" in mayın 10-da Baxmutdan çıxacağını dedi

Amma Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat mediada “Kinjal”ın bir gün əvvəl vurula biləcəyi ilə bağlı xəbərləri təkzib edib. Oleşçuk yazıb ki, düşmənin istifadə edə biləcəyi məlumatlar vaxtından əvvəl dərc edilməməlidir:

"Biz sizə nəyi, harada, nə ilə və nə vaxt vurduğumuzu mütləq deyəcəyik! Vaxtı gələndə", - Yuri İqnat yazıb.

“Defence Express” nəşri isə daha əvvəl “Kinjal”a bənzəyən raket fraqmentlərinin aşkarlanması barədə məlumat verib və mayın 4-nə keçən gecə Kiyev səmasında baş verən partlayışın məhz bu raketin məhv edilməsi ilə əlaqəli olduğunu irəli sürüb.

Rusiya komandanlığı hələki raketin vurulması ilə bağlı xəbərləri şərh etməyib.

Əvvəllər “Kinjal”ın vurulması faktı qeydə alınmayıb. Söhbət təyyarələrdən buraxılan hipersəs raket sistemindən gedir. Bu aeroballistik raketdir, Ukraynada son vaxtlara qədər mövcud olan hava hücumundan müdafiə sistemləri bu tip raketlərə qarşı praktiki olaraq gücsüz olub. Hərbi ekspertlərin fikirincə "Patriot" sistemi ballistik raketləri vurmağa qadirdir.