Ukrayna rəsmisi Krım körpüsünə zərbəni ordunun uğuru adlandırıb

Krım körpüsü, 8 oktyabr 2022

Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar, ötən ilin oktyabrında Krım (Kerç boğazı üzərindən keçən körpü) körpüsünə endirilən zərbəni Ukrayna Silahlı Qüvvələrinin uğuru adlandırıb.

"Rusların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçdi", - Malyar teleqram səhifəsində yazıb.

Buna da bax: Krım körpüsündə partlayış olub

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Malyarın mesajını şərh edərək, Ukrayna hakimiyyətini terrorçu rejim adlandırıb.

Kerç üzərindəki körpüdə partlayış 2022-ci il oktyabrın 8-də baş verib. Bu zaman yanacaq daşıyan qatar və bir yük maşını da partlayıb, nəticədə yol yatağı qismən dağılıb. Hadisə zamanı dörd nəfər - partlamış yük maşınının sürücüsü və yoldan keçən minik avtomobilinin sərnişinləri həlak olublar.

Hadisəni araşdıran Rusiya İstintaq Komitəsi partlayışa görə Ukraynanın xüsusi xidmət orqanları günahlandırıb. Amma Kiyev bu ittihamı rədd edib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlayıb və hələ də davam edir.

BMT-nin İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, müharibə başlayandan iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 16 min nəfər yaralanıb.

Buna da bax: Rusiyanın Ukraynaya hərbi təcavüzünün 500-cü günü, 'Azov' komandirlərinin geri dönüşü

Rusiyanın işğalı altında olan ərazilərdə məlumat toplamağının BMT missiyası üçün çətin olduğu bildirilir və bu səbəbdən də ölən və yaralanaların sayının daha çox olduğu ehtimal edilir.

Ukrayna Baş prokurorluğunun məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə müddətində 94 min hərbi çinayət qeydə alınıb, 494-ü uşaq olmaqla 11 minə yaxın mülki əhali həlak olub, 115 min mülki infrasktuktur obyekti dağıdılıb.