Dron hücumundan sonra Rostovdakı neft bazasında yanğın üçüncü gündür ki, davam edir

Rostov vilayətindəki Proletarsk neft bazasında yanğın

Rusiyanın Rostov vilayətindəki neft bazasında ötən bazar başlanmış yanğını söndürmək hələ də mümkün olmayıb.

Üç sutkadır ki, davam edən yanğın hazırda 10 min kvadrat metri əhatə edir.

Neft bazasının yerləşdiyi Proletarsk rayonunda səmanı qara tüstü örtüb.

TASS xəbər verir ki, yanğının söndürülməsinə 500 nəfər cəlb edilib. Bundan əvvəlki günlərdə yanğını üç yanğınsöndürən qatarın və 80 xüsusi maşının köməyi ilə dayandırmağa çalışırdılar. Bu da xəbər verilir ki, yanğının söndürülməsi üçün xüsusi aviasiya hazırlanır.

Bundan əvvəl

Rostov vilayətinin Proletarsk rayonundakı neft bazasında yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Xidmətisinin 18 əməkdaşı xəsarət alıb. Həkimlər onların vəziyyətini “ağır” olaraq qiymətləndiriblər.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, Ukraynanın dron hücumu nəticəsində başlanmış yanğını artıq ikinci sutkadır ki, söndürmək mümkün olmur.

Proletarsk rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.

Rayon administrasiyasının başçısı Valeri Qoriç deyib ki, "hələlik heç nə dəyişməyib, yanğının sahəsini azaltmaq olmur”.

Bu yaxınlarda Rostov şəhərinin sənaye zonasının ərazisi Ukrayna dronlarının hücumuna məruz qalmışdı. Proletarskdakı yanğının başlanmasına da elə bu səbəb olub. Region rəhbərliyi bildirir ki, vurulan dronların qırıntıları yanacaq çənlərinin üstünə düşüb. Bunun dərhal ardınca daha bir dron hücumu olub və yanğının söndürülməsi bu səbəbdən dayandırılıb.

Ukrayna silahlı qüvvələri bildirir ki, Proletarskdakı neft bazasına dron hücumunu Ukrayna hərbi kəşfiyyatı həyata keçirib.

Son bir neçə ayda Proletaskdakı bazaya bir neçə dəfə hücumlar edilib.

Üçüncü körpü də dağıdılıb?

Bu arada Rusiyanın hərbi blogerləri Vladimir RomanovYuri Podalyaka yazıblar ki, Ukrayna hərbçiləri Kursk vilayətində, Seym çayı üzərindəki üçüncü körpünü də dağıdıblar.

Kursk vilayəti qubernatorunun müşaviri Roman Alyoxin Podolyakanın xəbərinə istinad etsə də, onu “yoxlanmış məlumat” adlandırıb.

Xəbər verilir ki, Rusiya hərbçiləri hazırda çaydan keçmək üçün ponton körpülərindən istifadə edirlər.

Körpünün dağılmasına dair rəsmi xəbər yoxdur. Ukrayna tərəfi də bu xəbəri hələ ki, şərh etməyib.

Seym çayı üzərindəki birinci körpü avqustun 16-da, ikinci körpü isə avqustun 18-də dağıdılıb. Hər iki körpünün dağıdılması üçün məsuliyyəti öz üzərinə Ukrayna tərəfi götürüb.

Blogerlər Krıja kəndi yaxınlığındakı körpünü sonuncu körpü adlandırırlar, amma Kekino kəndi yaxınlığında daha bir körpünün olduğu deyilir. Podolyakanın sözlərinə görə bu körpü tam olaraq Ukrayna ordusunun atəş nəzarəti altındadır.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna ordusunun əsas vəzifəsi Kursk vilayətində “bufer zonası” yaratmaqdır.

Qluşkovo rayonunda Seym çayı üzərindəki körpünün peyk fotosu

Ukrayna körpüləri dağıdır

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ukrayna silahlı qüvvələrinin komandiri deyir ki, Rusiyanın Kursk vilayətində ikinci körpü vurulub. Kiyev Rusiyanın bu ərazidə döyüş əməliyyatlarını zəiflətməyə çalışır.

"Daha bir körpünü çıxaq", – Hava qüvvələrinin komandiri Mikola Oleşçuk avqustun 18-də Telegram-da yazıb.

"Hava qüvvələri dəqiq hava zərbələri ilə düşməni logistika qabiliyyətindən məhrum etməkdədir, bu isə əməliyyatların gedişatına ciddi təsir göstərir", – komandir yazır.

Moskva bu zərbə ilə bağlı şərh verməyib. Ukrayna iki həftəyə yaxındır Rusiyanın Kursk vilayətinə qəfil əks-hücuma keçib ki, bu isə iki il yarımdır gedən müharibənin dinamikasını dəyişib, 120 min nəfər evini tərk etməli olub.

Vurulan körpü

Rusiya hərbi bloqerləri əvvəlcə vurulan birinci körpünün fotosunu yerləşdiriblər. Bu körpü Kurskdakı Zvannoye kəndi yaxınlığından keçən Seym çayı üzərindədir.

Rusiya təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu körpünün dağıdılması Qluşkov rayonunun bir hissəsi ilə əlaqəni kəsib, bu da regiondakı mülki evakuasiyanı çətinləşdirib.

Avqustun 16-da Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı Amerikanın uzaqmənzilli raketləri ilə Qluşkovdakı əsas körpünü dağıtmaqda, bu zaman mülkilərin evakuasiyasına kömək edən könüllüləri öldürməkdə ittiham edib.

Təhlilçilərin fikrincə, Seym üzərində körpülərin vurulması Ukraynaya Kurskda hücumu üçün təhlükəsiz cinah təmin etməkdən ötrü vacibdir. Belə ki, bu zaman Moskvanın çayın cənubundakı qüvvələrini təchiz etməsi çətinləşir.

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 18-də axşam müraciətində deyib ki, Ukraynanın Kurskdakı əməliyyatı "hələ də Rusiya ordusu və dövlətinə, müdafiə sənayesi və iqtisadiyyatına ziyan vurur". O, cəbhədə bütün istiqamətlərdə "yaxşı" nəticələrin olduğunu söyləyib.

Dron və raket hücumları

Bu arada Ukraynanın şərqi Donetsk vilayətində döyüşlər davam edir, Ukrayna tərəfi bəzi ərazilərdə evakuasiya göstərişi verib.

Ukrayna ordusunun baş qərargahı Rusiyanın Rostov vilayətində neft və neft məhsullarının saxlandığı bir obyektin vurulduğunu bəyan edib. Həmin məhsullar Rusiya ordusu tərəfindən istifadə olunur. Baş qərargah ərazidə azı iki yanğının qeydə alındığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Belqorod, Kursk və Rostov vilayətləri üzərində Ukraynanın beş dronunu tutduğunu bildirib. Kiyev adətən dron hücumları barədə şərh vermir.

Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko isə avqustun 18-də deyib ki, Rusiya bu ay Ukrayna paytaxtına üçüncü ballistik raket hücumunu edib. O, Rusiya qüvvələrinin Kiyevə doğru qanadlı raket buraxdığını söyləyib.

Popkonun sözlərinə görə, Rusiyanın Şimali Koreya istehsalı KN-23 raketindən istifadə etdiyi güman olunur.