50-dən çox rusiyalı Ukraynada hərbi cinayətkar kimi tanınıb

Ukraynanın Buça şəhəri,

Ukraynada 50-dən çox rusiyalı hərbi cinayətkar kimi tanınıb. Bu rəqəmi Ukraynanın baş prokuroru Andrey Kostin açıqlayıb.

O, daha 219 nəfər barəsində istintaqın yekunlaşdığını və işin məhkəmələrə göndərildiyini deyib.

Baş prokurorun sözlərinə görə, şübhəli statusunda olan 368 rusiyalı hərbçinin şəxsiyyəti müəyyən edilib.

Buna da bax: Ərdoğan deyir ki, taxıl barədə Putinlə razılaşması var

Andrey Kostin qeyd edib ki, kimsə 50 hökmün az olduğunu deyə bilər, amma ünsiyyətdə olduğu beynəlxalq tərəfdaşlar həm sayın çoxluğuna, həm də müharibə davam etdiyi bir zamanda Ukraynanın təkcə cinayətləri sənədləşdirməsinə deyil , o cümlədən onları araşdırıb məhkəmələrə verməsinə təəccüblənirlər.

Əksər hökmlərin qiyabi çıxarıldığını bildirən baş prokurorun sözlərinə görə, təcavüzkarın günahının sübuta yetirildiyini bilməsi zərərçəkmişlər üçün vacibdir.

Baş Prokurorluğun məlumatına görə, iyulun 15-dək Ukraynada 95 mindən çox hərbi cinayət sənədləşdirilib.

Moskva isə hərbi qulluqçularının Ukraynada mülki şəxslərə qarşı cinayət törətməsi ilə bağlı ittihamları rədd edir.

Buna da bax: Putinin Vaqner bəyanatı, Baydenin Priqojin zarafatı

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müahribəyə başlayıb. Bu müddət ərzində Ukraynada minlərlə insan həlak olub, milyonlarla ukraynalı evini, ölkəsini tərk etmək məcburiyyətində qalıb.