Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb

Ukraynanın Lvov şəhəri, raket zərbəlrindən sonra işıqsız qalıb

Rusiyanın Zaporojyeyə gecə endirdiyi zərbə nəticəsində şəhərin rayonlarından birində istilik təchizatının kəsilib. Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Staruxun dediyinə görə, partlayış nəticəsində mərkəzləşdirilmiş istilik boru kəmərləri zədələnib və 17 mindən çox abonentin yaşadığı 123 çoxmərtəbəli binanın istilik təchizatı kəsilib.

"Rusiya işğalçıları hansı arqumentləri üzə çıxarsalar da, onların terror hərəkətləri həqiqətən humanitar fəlakət yaratmağa yönəlib"-Aleksandr Starux Telegram-kanalında yazıb.

O, təcili yardım xidmətlərinin çalışdığını, artıq 60 evə istilik verildiyini deyib.

Rusiyanın hər gün Ukraynanın infrasrtukturuna endirdiyi raket zərbələri nəticəsində Ukraynanın enerji sisteminin təxminən yarısı sıradan çıxıb.

Bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.

"Təəssüf ki, Rusiya Ukraynanın mühüm mülki infrastrukturuna raket zərbələrini davam etdirir, dinc əhaliyə qarşı mübarizə aparır və qışda onları elektrik enerjisi, su təchizatı, istilik və rabitədən məhrum edir. Yalnız noyabrın 15-də Rusiya Ukrayna şəhərlərinə 100-ə yaxın raket zərbəsi endirib. Enerji sistemlərimizin demək olar ki, yarısı sıradan çıxıb”, - baş nazir bildirib.

Buna da bax: Ukrayna tərəfə keçdiyini deyən keçmiş məhbusun qətl videosu yayılıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, Rusiya noyabrın 15-də Ukraynanın ən azı 17 bölgəsinə raket zərbələri endirib. 7 milyona qədər ev təsərrüfatının işıqsız qaldığını deyən mətbuat katibinin sözlərinə görə, bu, müharibə başlayandan bəri Rusiyanın Ukraynaya ən kütləvi zərbə endirmələrindən biridir.

Ukraynada elektrik enerjisi ilə bağlı yaranmış problemin tam aradan qaldırılması üç gündən on günə qədər davam edə bilər. Bunu Kiyevdə keçirilən tədbir zamanı Enerji Araşdırmaları Mərkəzinin direktoru Oleksandr Xarçenko deyib. Onun sözlərinə görə, əlverişli ssenaridə enerji sistemində tam istehlakın bərpası üç gün, əlverişsiz ssenaridə isə yeddi gündən on günə qədər davam edəcək.

Bu arada “The Economist” yazır ki, Rusiyanın döyüş sursatları kəskin şəkildə tükənmək üzrədir. Məlumatda təxminən 120-yə yaxın “İskəndər” raketi qaldığı, bir aya isə artilleriya sursatlarının tükənəcəyi bildirilir.

“The Economist” ə gör, pis xəbər odur ki, Ukraynanın da çoxlu silah-sursatı yoxdur. Ama o da vurğulanır ki, Ukraynanın daha dəqiq idarə olunan raketləri və daha çox döyüşə hazır hərbi personalı var (100 min rus hərbçisinə qarşı 200-300 min). Ukrayna və Rusiya ordularının əhval-ruhiyyəsinə gəlincə, yazıda bunun müqayisəyə gəlməz olduğu bildirilir. O da qeyd olunur ki, Ukrayna müdafiə sənayesi son aylarda 122 və 152 mm-lik sovet döyüş sursatlarının istehsalını qura bilib.

Buna da bax: Putindən təklif- 'feyk' yayanlar vətəndaşlıqdan çıxarılsın

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.