300 minin 50-60 mininə iş görülüb, qalanı...

Tikinti. Foto arxiv

Bölgələrdə məktəb tikintisi və başqa layihələrdə yeyinti necə həyata keçirilir.

Müxtəlif rayonlarda, o cümlədən İmişlidə, Yevlaxda məktəblərin tikintisi, artezian quyusunun qazılması layihələrini icra etmiş Asif Cavadov deyir ki, bu işləri görə bilmək üçün mütləq icra başçılarına rüşvət vermək lazım idi. Onun sözlərinə görə, əks halda, nə tenderdə qalib gəlmək olardı, nə də o layihələri icra etmək.

"Bəs icra başçıları nədən ötrüdür? Onların razılığı, xeyir-duası olmasa, biz tikinti tikə bilərdik? Biz işləmişik, mənfəətimizi onlara vermişik", – Cavadov aprelin 4-də məhkəmədə belə deyib. O, İmişlinin keçmiş icra başçısı, iki ilə yaxındır həbsdə olan Vilyam Hacıyevin məhkəməsində şahid kimi dindirilib.

Cavadovun təsisçisi olduğu "Göyüşlü" MMC İmişlinin Xoşçobanlı kəndində məktəb tikintisiylə bağlı tenderin qalibi olub. Kənddə məktəb tikintisinə görə müqavilədə 950 min manat vəsait ayrılıb. Şirkət rəhbəri də etiraf edir ki, yeni məktəb tikilməyib – köhnə bina bərpa olunub və binaya bitişik daha səkkiz sinif otağı tikilib.

Buna da bax: Başçının məhkəməsində: 'Dedi ki, sənə 7 min ayrılacaq, min manatı götürəcəksən, qalanını...'

284 min manat...

Şirkət rəhbəri iddia edir ki, 950 minin 110 mini indiyə qədər köçürülməyib. Köçürülən 840 min manatın da 284 minini ovaxtkı icra başçısına verib. Cavadovun dediyinə görə, sabiq icra başçısına çatacaq pulu köməkçisi vasitəsilə ona göndərib.

"O pulun 5 faizi bugünə qədər köçürülməyib. İmişlidəki məktəbdən əvvəl Yevlaxda da məktəb tikmişik, artezian qazma işləri görmüşük. Orada da eyni qaydada işləmişik. Əvvəl başçı qəbul edirdi, razılaşdırılırdı, sonra iş görülürdü. Başqa cür mümkün deyil", - Cavadov belə deyir.

O iddia edir ki, vəsait çatışmazlığına görə öz evini girov qoyub, bankdan götürdüyü pulu işlərin icrasına yönəldirdi.

Sabiq icra başçısı isə onun yalan danışdığını deyir. Hacıyev bildirib ki, köməkçisi vasitəsilə ona 284 min manat göndərilməsi həqiqətəuyğun deyil: "Sənin nə marağın vardı ki, evini, maşınını girov qoyub iş görürdün? Bu adamın dedikləri başdan-ayağa yalandır".

Buna da bax: Rüşvət aldığını etiraf edən məmurlar dövlət qulluğunda niyə saxlanılır?

300 min necə bölüşdürülüb

İmişli Meloservis İdarəsinin (Meliorasiya və Su Təsərrüfatı) rəisi Asif Qədirov isə rayonda su kanalının tikintisi üçün ayrılmış 300 min manatlıq vəsaitin cəmi 50-60 minlik hissəsinin bu işə sərf olunması, qalanının isə korrupsiya predmetinə çevrilməsindən danışıb. Deyir ki, 2015-ci ildə bu idarənin rəisi təyin olunanda həmin qurumun 120 minlik vergi borcu var idi. Kanal tikintisi layihəsinin hesabına həmin borcu ödəyiblər. Yəni 300 min manatın 120 mini buna xərclənib. Layihənin özünə görə də 18 faiz vergi veriblər, bu isə daha 54 min manat deməkdir.

"Təxminən 70-75 min manat da icra başçısı Vilyam Hacıyevə verildi. Əvvəl ümumi məbləğin 50 faizini istəyirdilər, sonra 30 faizə düşdü. Bu söhbət atamla icra başçısının arasında olmuşdu. Həmin vaxt mən qapı arxasında idim, atam danışırdı. Pulu da atam icra başçısının köməkçisinə verdi", – Qədirov bildirib.

O, 2018-ci ilə qədər İmişli Meloservis İdarəsinin rəisi işləyib. Deyir ki, su kanalı tikintisi ilə bağlı layihəni 80 faiz icra ediblər. O da əvvəlcədən özlərində olan texnikanın, işçi qüvvəsinin hesabına. Layihədə yeni texnikanın alınması, işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulsa da, vəsaitlər təyinatı üzrə xərclənmədiyindən bunları özlərində olanların hesabına həll ediblər. Tikinti-quraşdırma işləri üçün lazım olan materiallar isə sabiq icra başçısı Hacıyevin tapşırığıyla onlara çatdırılıb.

Buna da bax: Rayonda baş həkim olmağın qiyməti 70 min manatdır?

"Ehtiyat hissələri satan mağazaların hesabına köçürürdük"

Layihə üçün büdcədən ayrılan vəsait işi görən şirkətin hesabına köçürülür, oradan isə təyinatı üzrə xərclənməlidir. İcra başçısına verilən, əvvəlki vergi borcuna yönəldilən vəsaitlə bağlı məsələni necə həll etdiklərini isə Qədirov belə danışıb: "Hesaba gələn pulu biz də ehtiyat hissələri satan bir neçə mağazaların hesabına köçürürdük. Onlardan ehtiyat hissələri alırdıq. Sonra həmin əşyaları satıb, nağd pulu deyildiyi qaydada istifadə edirdik".

Sabiq icra başçısı Qədirovu da tanımadığını, onunla heç vaxt görüşmədiyini və ondan şəxsən, yaxud da köməkçisi vasitəsilə pul almadığını vurğulayıb.

Onun vəkili isə xüsusi qərar çıxarılmasını, həm məktəb tikintisi, həm də su kanalının quraşdırılması layihələri ilə bağlı yoxlama aparılmasını istəyib: "Bu adamların fəaliyyəti yoxlanmalıdır. Elədikləri işin qanunsuz olduğunu özləri də dərk edirlər. Xahiş edirəm, onların fəaliyyəti araşdırılsın".

Hacıyevin məhkəməsində bundan öncə dindirilən şahidlər korrupsiya ilə bağlı başqa halları dilə gətirmişdilər. Məsələn, bələdiyyə sədri və başqa vəzifələrə sahib olmaq, tikintiyə sərəncam almaq və s. məqsədlə icra hakimiyyətinə rüşvət verilməsi haqda ifadələr səslənmişdi.

Xatırlatma

2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyev 2020-ci ilin mayında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanır. Lakin sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.