Xodorkovskiyə bağlı qruplar ‘arzuolunmaz’ sayıldı

Mixail Xodorkovski

Prokurorluq onların “Rusiya Federasiyasının konstitusion quruluşu və təhlükəsizliyinə təhdid yaratdığını” bildirir

Rusiya hakimiyyəti keçmiş maqnat Mixail Xodorkovskinin şəbəkəsinə qarşı tədbirləri gücləndirir.

İyunun 30-da Baş prokurorluq Kremlin tənqidçisinə bağlı dörd təşkilatı “arzuolunmaz” elan edərək onların Rusiyada fəaliyyətini yasaqlayıb.

Bunlar Britaniyada qeydiyyatdan keçmiş Xodorkovski Fondu, onun filialı olan Oksford Rusiya Fondu, Londonda yerləşən Rusiyanın Gələcəyi Fondu və Fransanın Avropa Seçimi qeyri-hökumət təşkilatlarıdır.

Prokurorluq onların “Rusiya Federasiyasının konstitusion quruluşu və təhlükəsizliyinə təhdid yaratdığını” bildirir.

“Arzuolunmaz” təşkilatlar qanunu 2015-ci ilin mayında qəbul olunub, sonradan bir neçə dəfə yenilənib. Kreml xaricdən – əsasən Avropa və Birləşmiş Ştatlardan maliyyələşən qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının sıxışdırılması üçün bir neçə belə addım atıb.

Xodorkovski Fondu Rusiyada təhsil layihələrini dəstəkləyir. Oksford Rusiya Fondu sosial və humanitar elmlər sahəsində təqaüdlər ayırır. Bu iki qurum təhsil layihələrinə də qatılır.

Yukos neft şirkətinin keçmiş rəhbəri Xodorkovski Rusiya Prezidenti Vladimir Putinin zəngin opponentlərindəndir.

O, hazırda Britaniyada yaşayır. Rusiyada 10 il həbs cəzası çəkib, ona qarşı ittihamlar siyasi motivli hesab olunub.

Prezident Putin iyunun 28-də imzaladığı sənədlə “arzuolunmaz”larla bağlı qanunun miqyasını genişləndirib. Rusiyada bu qrupa salınmış təşkilatın fəaliyyətində iştirak kriminallaşdırılır.