Yanğınsöndürənlər Türkiyəyə çatıb 

Türkiyədə meş yanğınları

Meşə yanğınlarının söndürülməsi məqsədilə Türkiyəyə yola düşən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik ilk qrupu ora çatıb.

Bu barədə bu gün, iyulun 31 -də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Məlumatda yazılıb ki, yanğınsöndürmə qüvvələrinin ilk qrupunu gətirən təyyarə iyulun 31-də Bakı vaxtı ilə saat 00:10 radələrində Muğla Dalaman Hava Limanına enib.

İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olmuşdu.

Telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanmışdı.

"Azərbaycan Prezidentinin ... göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək", deyə bildirilirdi.

İyulun 28-i və 29-da Türkiyənin 20-dən çox vilayətində baş verən 60-dan artıq meşə yanğını nəticəsində azı bir neçə nəfərin həlak olduğu bildirilir. Xeyli heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.