«Mərkəzi Bankdan istənilən sürprizi gözləmək olar»

Mərkəzi Bank

-

«Yeni devalvasiya olacaq?» – indi, çox güman, ən çox verilən sual budur. Mərkəzi Bankın (MB) son hərracda bankların dollar tələbatını tam ödəyə bilməməsi şühhələri daha da artırıb. Fevralın 24-də keçirilən hərracda MB satışa 30 milyon dollar çıxarıb. Hərraca qatılmış 14 banksa 66 milyon 760 min dollar almaq istəyib. Beləcə, MB valyuta sifarişinin cəmi 44.9 faizini təmin edib, yəni sifarişin yarıdan azını qarşılayıb.

«MB-NİN BU ADDIMI... YENİDƏN ÇAŞQINLIQ YARADIR»

İqtisadçı ekspert Vüqar Bayramov düşünür ki, açıqlamadığı səbəblərdən manatı möhkəmləndirən MB son həftələr dollara tələbatı tam ödəyə bilmir: «Təxminən 4 milyard dollar valyuta ehtiyatı olan MB-nin 37 milyon dollara yaxın vəsaiti bazara çıxarmamasının səbəbləri qaranlıqdır. Bununla yanaşı, MB-nin bu addımı bazarda, eləcə də əhali arasında yenidən çaşqınlıq yaradır. Bu, eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin «qara bazar»ın yenidən canlanmasına da səbəb ola bilər. Digər tərəfdən, bir sualın da cavabı maraqlıdır: Görəsən, baş bankda dollar tələbinin ödənilməməsinin mənfi təsirləri qiymətləndirilir?».

«MB... İCTİMAİYYƏTƏ MƏLUMAT VERMƏLİDİR»

Ekspertin fikrincə, MB, ən azı, ictimaiyyəti bilgiləndirməliydi ki, niyə dollara tələbat ödənmir? Axı insanlar arasında yenidən valyuta ajiotajı yarana bilər: «İqtisadi baxımdan tələb ödənmir, psixoloji cəhətdən yenidən əhali, xüsusən dollarla krediti olanlar rahatsız olur. Buna görə də, MB hərraca valyuta çıxararkən, mövcud tələbi öncədən doğru proqnozlaşdırmalıdır. Amma son hərracın nəticələri göstərir ki, baş bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması heç də arzulanan səviyyədə deyil. Deməli, MB-dən istənilən sürprizi gözləmək olar».