Azərbaycan müdafiə naziri Gürcüstana gedib

Z.Həsənov

Gürcüstanda "Eternity-2021" təlimi başlayıb

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Təlim Gürcüstan paytaxtı Tbilisidə keçirilir.

Bu barədə bu gün, oktyabrın 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nəzəri, praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin ( Bakı-Tbilisi-Ceyhan neft kəməri və başqa layihələr) mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlimin oktyabrın 8-dək davam edəcəyi gözlənir.

Üç ölkə arasında bu adda təlim sonuncu dəfə 2019-cu ildə keçirilib.

+++

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, oktyabrın 4-də səhər saatlarında məlumat yayıb.

Məlumata görə, Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək: "Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq".

Bu üç ölkənin müdafiə nazirləri bundan əvvəl də bir neçə dəfə görüşərək hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.