Zelenski Trampa zəng edib

Donald Tramp və Volodimir Zelenski (Arxiv kollajı)

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampla danışıb və Rusiya ilə davamlı sülhün müzakirə edilməsi üçün atılmalı olan addımları üzbəüz müzakirə etməyə hazır olduğunu bildirib.

Bu telefon söhbəti iyulun 19-da Tramp öz partiyasının prezidentliyə namizədlik üçün nominasiyasını qəbul edəndən bir gün sonra baş tutub.

Zelenski telefon söhbəti barəsində X platformasında yazıb:

“Mən Donald Trampla danışdım ki, onu respublikaçı nominasiyası münasibəti ilə təbrik edim və Pensilvaniyada baş vermiş sui-qəsd cəhdini pisləyim. Mən ona gələcəkdə güc və tam təhlükəsizlik arzu etdim”.

Trampın sülh vədi

Zelenski qeyd edib ki, o Trampla şəxsən görüşərək “ədalətli və davamlı sülh üçün atılmalı olan addımları müzakirə etməyə hazır olduğunu” bildirib.

Tramp iyulun 19-da Truth Social platformasında yazıb ki, Zelenski ilə etdiyi “çox yaxşı telefon söhbətində” Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə edib.

Tramp danışıqlar vasitəsilə “dünyaya sülh gətirəcəyini və çox sayda insanın həyatına son qoymuş müharibəni bitirəcəyini” vəd edib:

"Hər iki tərəf bir araya gəlib zorakılığa son qoyacaq və firavanlığa doğru yol açacaq razılaşma barədə danışıqlar apara biləcəklər”.

Narahat dövrdə...

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ərzində hər iki tərəfdən on minlərlə insan həlak olub.

29 aydır ki, davam edən müharibənin hələ ki, sonu görünmür. Rusiya hazırda Ukrayna ərazisinin 17 faizini işğal edib.

Şərhçilər bildirirlər ki, Zelenskinin Trampa telefon zəngi Kiyevdə və Avropa paytaxtlarında onun daha bir dörd il üçün Ağ Evə qayıtmaq ehtimalından narahatlığın olduğu bir vaxtda yer alıb.

ABŞ prezidenti Co Bayden ötən ay Trampla debatda zəif çıxış etdikdən sonra respublikaçıların 2024-cü ilin noyabr seçkisində qələbə şansları artıb.

Sözü gedən debat Baydenin fiziki və psixi sağlamlığına dair çoxsaylı suallar yaradıb.