Zəlzələdən ziyan çəkənlər necə aldanmalarından danışır

Zaqatalada zəlzələ. 2012

Zaqatala-Balakən bölgəsində 2012-ci ildə zəlzələdən ziyan çəkənlərin bir qismi hələ də məhkəmə yollarındadır. Deyirlər ki, onların da evlərinin bərpası üçün vaxtilə xeyli pul veriblər. Amma nəticəsi olmayıb. Sonradan həmin vəsaitin heç olmasa, bir qismini geri ala bilməkdən ötrü başqa adamlara da pul veriblər. Və ikinci dəfə aldanıblar. Bu haqda onlar Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar.

İkinci dəfə onları aldatmaqda suçlanıb hakim önünə çıxarılan ər-arvaddır - Balağa Əlbəşirov və həyat yoldaşı Heyran. Amma zərərçəkənlər deyir ki, onlar Heyranı Milana kimi tanıyıblar.

Balağa və Heyran Əlbəşirovlar CM-in 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.312 (rüşvət verməyə təhrik) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma və ya ondan istifadə etmə) maddələri ilə ittiham olunur. İddia olunur ki, H.Əlbəşirova özünü Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət idarəsinin əməkdaşı kimi təqdim edib.

Buna da bax: Qusarın baş həkimini Robert Əyyubovun adıyla necə aldadıblar

«O vaxt zəlzələdən sonra anam ev tikintisi üçün bələdiyyə sədri Nazim Nəzərova 6000 manat pul vermişdi. Amma ev tikilmədi, pul batdı. Nazim Nəzərov bizdən başqa adamlardan da pul almışdı. İşi Şəki Ağır Cinayətlər Məhkəməsində idi. Xəbər gəldi ki, Nazim Nəzərov pulları qaytarır. Adam var, vasitəçilik edəcək. Amma vasitəçiyə pul vermək lazım idi. Getdim o adamla görüşməyə, orada Milananı gördüm. Birinci dəfə 2500 manat istədi, verdim», - zərərçəkmiş Sevil Qohumova belə deyir.

Məbləğin şişirdildiyini deyirlər

Məktəb direktoru işlədiyini deyən S.Qohumova aldanmasının səbəbini də izah edir. Deyir ki, həmin vaxt H.Əlbəşirovanın əlində FHN-in möhürü ilə möhürlənmiş sənədlər, əynində də bu nazirliyin işçilərinin forması vardı. Onun sözlərinə görə, ər-arvada bir neçə dəfəyə ümumilikdə 12 min manat pul verib. Pulları bir çox hallarda ödəmə aparatları vasitəsilə Balağa Əlbəşirovun adına göndərib: «İndi də əsas istəyim pulumun geri qaytarılmasıdır».

Buna da bax: Təqaüd üçün 600 manat 'şirinlik' söhbəti...

Zərərçəkmiş Sədaqət Heydərova da Heyranı «Fövqəladə Hallar Nazirliyinin mayoru Milana xanım» kimi tanıdığını deyir. Onun sözlərinə görə, ümumilikdə 6000 manat pul verib və onu ər-arvadın hər ikisinin adına köçürüb.

Balağa və Heyran Əlbəşirovlar bu adamlardan pul aldıqlarını inkar etmirlər. Amma deyirlər ki, zərərçəkənlər məbləği çox şişirdirlər. Bildirirlər ki, pulların çoxu heç birbaşa onlara verilməyib, arada başqa adamlar da var, zərərçəkənlər pulu onlara verib. H.Əlbəşirova əyninə FHN forması geyinməsi barədə deyilənləri də təkzib edib.

Onların ittiham olunduğu maddələrdə cərimə, azadlığın məhdudlaşdırılmasıyla yanaşı, 5 ilə qədər həbs cəzası da nəzərdə tutulub.

Bu cinayət işində ümumilikdə 26 nəfər zərərçəkən qismində tanınıb.