'Ölkə başçısına müraciətimə görə məni şərləyib həbs ediblər'

A.Hümbətov

Bir müddət öncə sosial şəbəkələr vasitəsilə dövlət başçısı İlham Əliyevə müraciət edib, övladlarını küçədən zibil yığmaqla dolandırdığını deyən Aqil Hümbətova 30 gün inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinərək, Xəzər Rayon Məhkəməsinin qərarıyla cəzalandırılıb.

Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində onun həbsi barədə qərardan verilən şikayətə baxılıb. Vəkili Fəxrəddin Mehdiyev məhkəmədə deyib ki, A.Hümbətova verilən polisə müqavimət ittihamı işin gerçək hallarıyla uyğun gəlmir. Vəkilin sözlərinə görə, martın 14-də axşam saatlarında A.Hümbətovun evinə polis əməkdaşları gəlib, onu öz maşınlarıyla polis idarəsinə aparıblar: «Gecəni orada saxlayıb, ertəsi gün Suraxanı Rayon Məhkəməsinə aparıb, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə 30 günlük inzibati həbs qərarı alıblar. Onu vəkillə də təmin etməyiblər».

Vəkil kamera görüntülərinin alınıb baxış keçirilməsi və şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Deyib ki, əgər bu məsələlər araşdırılsa, Aqilin günahsız olduğu, heç bir polisə müqavimət göstərmədiyi ortaya çıxar.

Buna da bax: T.Bağırovun Türkiyədən gətirilən dostuna narkotik ittihamı verildi

«Qohumlarımın iş yerləri barədə suallar verdilər»

A.Hümbətov özü də şikayətində göstərib ki, onu evindən polis idarəsinə aparanda yolda telefonunu alıb şifrəsini açıblar, sosial şəbəkələrdəki çıxışlarına görə ona irad bildiriblər: «Həmin günlərdə sosial şəbəkələrdə mənim tənqidi videomüraciətim yayılmışdı. Bildirirdim ki, işsizəm, üç körpə uşağı zibillikdən karton qutular yığıb satmaqla dolandırıram. Xəzər Rayon Polis İdarəsində mənə qohumlarımın iş yerləri barədə suallar verdilər. Oradan məni 2-ci polis bölməsinə apardılar, guya polisə müqavimət göstərməyim barədə protokol tərtib etdilər. Mən imzalamaqdan imtina etdim. Gecəni saxlayıb, səhər məhkəməyə apardılar».

A.Hümbətov deyir ki, inzibati xəta protokolu da, vəkildən imtina etməsi barədə işin içində olan ərizə də yalandır: «Hamısını özləri yazıblar. Vəkildən imtinanı bir qaralamaya yazdılar, sonra Polisə İctimai Dəstəyin üzvlərindən biri vardı, o köçürdü. Mən bunları Suraxanı Rayon Məhkəməsində hakim Zeynəb Axundovaya da dedim, kameraya baxış keçirilməsini istədim. Amma heç birinə qulaq asmadı».

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov da kamera görüntülərinə baxış keçirilməsi, şahidlərin dindirilməsi barədə vəsatətləri təmin etməyib. 30 günlük həbs barədə qərarı da qüvvədə saxlayıb.

Buna da bax: Bayram Məmmədov: 'Yumruq-təpiklə döyürdülər'

Məhkəmədən sonra inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparılarkən A.Hümbətov AzadlıqRadiosuna bildirib ki, ittiham əsassızdır: «Məni şərləyib həbs eləyiblər. Səbəb isə ölkə başçısına müraciət edib haqqımı tələb etməyim olub».

A.Hümbətov həbsiylə əlaqədar Avropa Məhkəməsinə şikayət edəcəyini deyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan A.Hümbətov sosial şəbəkələrdə yayılan videomüraciətində prezidentə bir neçə sual ünvanlayıb: «Niyə mən uşaqlarımı küçələrdə zibil yığmaqla dolandırmalıyam? Niyə mən uşaqlarımı bir qarnı ac, bir qarnı tox saxlamalıyam? Deyirdin ki, neft gəlirlərini insan kapitalına çevirmişəm. Budur sənin insan kapitalın?».

Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi baxışlarına görə həbsə atılmadığını, təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.